“Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın diplomatik mövqelərinin daha da güclənməsi ilə nəticələndi və regional sülh prosesinə yeni nəfəs verdi”. Bu fikirləri politoloq Tural İsmayılov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu səfər bir daha göstərdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı rolunu Bakı oynayır:“İlham Əliyevin liderliyi müharibədə əldə edilən qələbədən sonra sülhün davamlı olmasına yönələn strateji addımlarla tamamlandı. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpası fonunda mümkün oldu. Sülhün təmin olunması yüzlərlə, minlərlə gəncin həyatının xilas edilməsi deməkdir. Müharibələrin qarşısını almaq, gələcək qurbanlara son qoymaq üçün ən effektiv yol dayanıqlı diplomatiyadır”.
Tural İsmayılov qeyd edib ki, regionda yeni qarşıdurma yaratmaq istəyən şər qüvvələrin planları məhz bu liderlik sayəsində puça çıxarılıb: “İlham Əliyev yalnız hərbi qələbə ilə kifayətlənməyərək siyasi müstəvidə də qalib mövqedə qaldı. Vaşinqtonda aparılan danışıqlar Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda qəbul olunmasına xidmət etdi. Sülh prosesi yalnız kağız üzərində razılaşmalar deyil, real təhlükəsizlik mexanizmlərinin qurulmasını tələb edir. Bakı bu istiqamətdə ardıcıl şəkildə hərəkət edir”.
Politoloq əlavə edib ki, ABŞ-la yüksək səviyyəli təmaslar, tərəflər arasında etimad mühitinin möhkəmlənməsinə şərait yaradıb: “Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda Azərbaycanın göstərdiyi iradə xüsusi önəm daşıyır. Sülh iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın açarına çevrilə bilər. Bununla region ölkələri üçün yeni imkanlar açılır. İlham Əliyevin diplomatiyası həm region daxilində, həm də qlobal güclər qarşısında güc balansını qoruyur. Bu yanaşma Cənubi Qafqazı yeni müharibələrdən xilas edən əsas amildir. Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi artıq geridönməz proses kimi qəbul edilir”.