“Vaşinqtonda əldə olunan sülh razılaşması Azərbaycanın uzunmüddətli strateji xəttinin və Prezident İlham Əliyevin ardıcıl diplomatik liderliyinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər”. Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, bu razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, təhlükəsizlik təminatlarının möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində əldə etdiyi uğurların təzahürüdür: “Eyni zamanda, razılaşma Cənubi Qafqazda sabitliyin bərqərar olmasına və regional inteqrasiyanın sürətlənməsinə əhəmiyyətli töhfə verir.
Müharibə risklərinin effektiv şəkildə aradan qaldırılması və yeni qarşıdurma ehtimallarının minimuma endirilməsi göstərir ki, Bakı həm hərbi, həm də diplomatik sahədə üstün mövqeyini qoruyub saxlayaraq regionu yeni təhdidlərdən sığortalaya bilmişdir. Bu razılaşma, həmçinin tərəflər arasında etimadın bərpası və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından önəmli rol oynayır.
Növbəti mərhələdə əsas diqqət razılaşmaların icrasına davamlı nəzarətin təmin olunmasına və iqtisadi, nəqliyyat, infrastruktur layihələrinin uğurla reallaşdırılmasına yönəlməlidir. Bu addımlar yalnız sülhün dayanıqlığını təmin etməyəcək, həm də Azərbaycanın regional liderlik potensialını gücləndirərək, ölkənin uzunmüddətli inkişaf perspektivinə xidmət edəcəkdir”.