Pomidorun kəskin ucuzlaşmasının səbəbi nədir?


“Azərbaycan bazarında hazırda müşahidə olunan pomidor qiymətlərinin enməsi bir neçə amillə bağlıdır ki, bunların başlıcası mövsümi dəyişikliklərdir. Pomidorun yetişmə mövsümündə məhsul bolluğu artır, bu da təklifin çoxalmasına və qiymətlərin azalmasına səbəb olur. Mövsümi təsirlər kənd təsərrüfatı məhsullarında qiymət formalaşmasının ən əsas təbii mexanizmlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Lakin mövcud qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə hələ də daha yüksəkdir. Bu, kənd təsərrüfatı istehsal xərclərinin artması (yanacaq, gübrə, logistika və işçi qüvvəsi qiymətlərinin yüksəlməsi) ilə izah oluna bilər. Yəni qiymət azalması nisbi xarakter daşıyır — məhsul bol olsa da, istehsal və bazara çatdırma xərclərinin yüksək qalması qiymətlərin tam ötənilki səviyyəyə düşməsinə mane olur.

Qiymətlərin ucuzlaşmasına təsir edən digər mühüm amil xarici bazarlardakı ticarət dinamikasıdır. Rusiya bazarına ixrac olunan pomidor partiyalarının bir hissəsinin sərhəddə müxtəlif səbəblərdən ləngidilməsi və ya məhdudlaşdırılması, həmin məhsulun daxili bazara yönəldilməsinə səbəb olur. Bu isə yerli bazarda təklifi artırır və qiymətləri aşağı salır.

Bununla belə, iqtisadi baxımdan pomidor qiymətləri hələ də “tam ucuz” hesab edilə bilməz. Mövsümi təsirlər qısa müddətli qiymət azalmasına səbəb olsa da, ixrac bazarlarında vəziyyətin dəyişməsi, hava şəraiti və logistika xərcləri kimi amillər qiymətlərin yenidən artmasına gətirib çıxara bilər.

Pomidor qiymətlərinin azalması yalnız mövsümi bolluqla deyil, həm də ixrac proseslərindəki dəyişikliklərlə bağlıdır. Uzunmüddətli sabit qiymət siyasəti üçün daxili istehsalın effektivliyi artırılmalı, logistika xərcləri optimallaşdırılmalı və ixrac–idxal balansı düzgün tənzimlənməlidir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər