“Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması böyük tarixi nailiyyətdir. Nəzərə almaq lazımdır ki, Ermənistan bir dövlət kimi yarandığı gündən 2020-ci ilə qədər daim bu və ya digər formada Azərbaycanın ərazisini qoparmağa çalışıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, həmişə də azərbaycanlılara qarşı etnik və nifrət zəminində davranışlarla formalaşıb. Çar Rusiyası dövründə Qərbi Azərbaycana ermənilərin köçürülməsindən sonra da azərbaycanlılara qarşı kollektiv və fərqli formalarda cinayətlər törədilib: “İndi isə Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra sülhün əldə olunması istiqamətində müəyyən cəhdlər mövcud idi. Bu prosesdə ABŞ-ın sabiq prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh sazişlərinin mətni paraflanıb. Bu, öz-özlüyündə sülhə xidmət etmək deməkdir. Burada, təbii ki, Trampın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti də həmin paraflanma hadisəsindən sonra ABŞ-a və şəxsən Trampa təşəkkürünü bildirib.
Ona görə də düşünürəm ki, Azərbaycan ictimai rəyində formalaşan fikir – yəni Trampın Nobel Sülh Mükafatına layiq görülməsi ideyası tamamilə əsaslıdır və ümumi ictimai sifarişdir. Bunu da nəzərə almaq lazımdır ki, Nobel mükafatı Azərbaycanda neft istismarı ilə məşğul olmuş, bu mükafatın əsasını qoymuş Nobel qardaşlarının adını daşıyır. Onlar Bakının neftindən qazandıqları pullarla bu fondun əsasını qoyublar. Amma təəssüflə qeyd etməliyik ki, Nobel mükafatı bu günə qədər Azərbaycanla bağlı heç bir məsələyə verilməyib. Buna görə də düşünürəm ki, tarixi ədalət naminə, Bakı neftinin pulları ilə yaradılmış Nobel Fondunun bu dəfə məhz Azərbaycanla sülh prosesinə töhfə vermiş ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatı verməsi ədalətli və simvolik addım olar”.