Uşaqların smartfon asılılığı və sosiallaşma problemi


“Texnologiyanın inkişafından sonra bizdə bu problem daha çox yarandı. Düzdür, əvvəllər də var idi müəyyən insanlar ki, asosial idi — ictimaiyyətə qaynayıb qarışmırdı, ünsiyyəti olmurdu,başqaları ilə sosiallaşmırdı. Amma texnologiya inkişaf etdikdən və xüsusilə pandemiya dövründə dərslər onlayn rejimə keçəndən sonra istisnasız olaraq böyükdən kiçiyə bütün şagirdlərdə smartfona ehtiyac yarandı. Bax, asosiallığın həyatımıza ən çox pərçimləndiyi dövr məhz o vaxtdan başladı”. Bunu sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında bildirib.

Həmçinin,uşaqlar dərsdən əlavə vaxtlarını onlayn oyunlarla doldurur və bu, onların psixologiyasına mənfi təsir göstərir: “Uşaqlar 1–2 saat dərslə məşğul olurdularsa da, yerdə qalan vaxtlarını onlayn oyunlarla doldururdular. Təbii ki, bu ‘dırnaqarası faydalanma’, ‘dırnaqarası yararlanma’ onların səhhətinə və psixologiyasına ciddi şəkildə təsir etdi. Biz əslində gözlə görünən problemi görmədiyimiz üçün elə bilirik ki, zərəri yoxdur. Amma görmədiyimiz psixoloji təsirlər var ki, onlar zamanla üzə çıxacaq — uşaqlarımızın gələcək həyatına təsir edəcək”.

Lalə Mehralı əlavə edib ki, valideynlərin övladlarının smartfon istifadəsinə nəzarət etməsi çox vacibdir, lakin bəzən məcburiyyət səbəbindən uşaqlara telefon verirlər: “İstisnasız deyə bilmərik ki, bütün valideynlər övladının oyun asılılığına qarşı laqeyddir. Bəzən valideynlər məcburiyyət qarşısında qalaraq telefonu verməli olurlar və nəticədə bu asılılığa qeyri-ixtiyari nəzarət edə bilmirlər. Hazırda məktəblərdə dərslər çox vaxt smartfon üzərindən keçirilir – əvvəllər kağızda testlər edilirdisə, indi PDF şəklində olur. Ev tapşırıqları əvvəllər gündəlikdə qeyd edilirdisə, indi “WhatsApp” qruplarında paylaşılır. Əgər valideyn işdədirsə və övladına yetəri qədər zaman ayıra bilmirsə, məcburən uşağı birbaşa həmin qruplara qoşur və internet çıxışını təmin edir”.

Ekspert bildirib ki, uşaqlar dərsdən əlavə məşğuliyyət olaraq onlayn oyunlar və bəzən mərc oyunlarına qoşulurlar, bu isə valideynlərin maddi problemlərinə də səbəb ola bilər:”Bu məşğuliyyətlərin başında isə onlayn oyunlar gəlir. Hətta onlardan əlavə mərc oyunlarına da qoşulurlar, üzvlük yaradırlar və bəzən valideynlərinin kartlarından pul silinməsinə səbəb olurlar. Belə hallar olub ki, uşaqlar valideynlərinin bank kartından böyük məbləğdə pulun çıxmasına səbəb olublar. Ona görə də burda həm valideyn məntiqi, həm də valideyn çarəsizliyi var”.

Əlaqəli Xəbərlər