“Azərbaycanda insanlar daha yaxşı həyat tərzi yaşamaq üçün kreditlərə meyl edirlər”.Bu sözləri SİA-ya açıqlamasında ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, son illərdə ölkədə iqtisadi və sosial vəziyyət yaxşılaşdıqca vətəndaşların daha rifahlı həyat arzusu da artır: “İnsanlar yeni mənzillər, maşınlar, bahalı geyimlər, istirahət mərkəzləri və texnoloji cihazlara sahib olmaq istəyirlər. Amma xüsusilə orta və aşağı təbəqəyə aid vətəndaşlar bu arzularını reallaşdırmaq üçün gəlirlərini düzgün hesablamadan borca girirlər. Bəziləri tanışlardan borc alır, digərləri isə kreditlər götürür. Hazırda 30-40 yaş arasında olan bir çox gəncin evlənməməsinin əsas səbəbi də borc yükü ilə bağlıdır.Bəzi insanlar məcburi ehtiyaclar – xəstəlik, ailə xərcləri, toy səbəbilə kredit götürsə də, gənclərin bir hissəsi sadəcə imkanlı şəxslərin həyatını təqlid etmək üçün borca girir. Onlar blogerlərin və zəngin həyat sürənlərin yaşam tərzini kopyalayır, zəhmətsiz varlanmaq istəyirlər. Bu isə ailədaxili problemlərə, boşanmalara, aliment məsələlərinə, kredit böhranına və hətta intiharlara qədər gətirib çıxara bilər.Cənubi Koreya və Yaponiyada da oxşar hallarda kredit böhranları yaşanıb. Buna görə də Azərbaycanda da dövlət, banklar və cəmiyyət bu məsələyə ciddi nəzarət mexanizmi qurmalıdır. İnsanlar “ayağını yorğana görə uzatmaq” prinsipini başa düşməli, maliyyə savadlılığını artırmalı, planlama bacarıqlarını inkişaf etdirməlidirlər”.
O əlavə edib ki, minimalist və sadə, amma xoşbəxt həyat tərzi anlayışı yenidən formalaşmalı, sosial dəstək və bir-birinə kömək mədəniyyəti gücləndirilməlidir: “Əks halda, kredit borcu problemi daha da ağırlaşaraq cəmiyyətdə sosial gərginliyi artıracaq”.