“Rusiya və Ukrayna razılaşmaya yaxındır”


“Tramp hələ Alyaska görüşündən sonra demişdi ki, qəti və real addımlar atmaq lazımdır ki, tezliklə Ukraynadakı müharibə dayandırılsın. Tramp, Zelenski və Avropa liderlərinin görüşündə yadda qalan hadisələrdən biri o oldu ki, ilk dəfə olaraq Ağ Evə Avropa liderləri gəlmişdilər. Tramp da bu halın ilk dəfə baş verdiyini xüsusi qeyd etmişdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Onun sözlərinə görə, əsas diqqətçəkən məqam isə Rusiya və Ukrayna arasında münaqişənin bitməsi üçün ciddi fikir birliyinin yaranması oldu. Yəni tərəflər, az da olsa, razılığa gəldilər: “Əsas məsələ budur ki, bu razılaşma hələlik sözdədir, amma nəticəyə yönəlmiş addımlar atılır. Bu günə qədər Putin və Zelenskinin görüşü mümkün deyildi. Zelenski Putinlə görüşməyə qadağa qoymuşdu, Putin isə Zelenskini prezident kimi qəbul etmədiyi üçün görüşmək istəmirdi. Lakin artıq bu görüşə razılıq verildi. Bu, liderlərin görüşü və sonradan ABŞ, Rusiya və Ukrayna prezidentlərinin bir masa arxasında toplaşması üçün ilk real addım hesab olunur.

Baxmayaraq ki, Makron Avropa Birliyinin iştirakı məsələsini irəli sürdü, onun təklifi cavabsız qaldı. Beləliklə, Avropa Rusiya-Ukrayna müharibəsinin həllində masadan kənarda qalır və yalnız təhlükəsizlik məsələlərində iştirak edə bilər.

Digər mühüm məqam isə indiyə qədər Avropa Birliyi, Ukrayna, hətta ABŞ da “əvvəl atəşkəs, sonra danışıqlar” prinsipini müdafiə edirdi. Lakin Tramp açıq şəkildə bildirdi ki, heç bir atəşkəs söhbəti olmamalıdır – müharibə aparılıb və indi birbaşa sülh danışıqları başlanmalıdır. Atəşkəs terminini Rusiya heç cür qəbul etmirdi, buna görə də Tramp bu məsələni gündəmdən çıxardı. Bu, Tramp və Putin arasında olan danışıqların əsas mövzularından biri idi.

İndiyə qədər Ukrayna tərəfi 1991-ci il sərhədlərinə qayıtmaq şərtini irəli sürürdü. Amma artıq Zelenski torpaq müharibəsinə hazır olduğunu göstərdi. Hətta Tramp qəti şəkildə dedi ki, ümumiyyətlə Ukrayna Krımın adını belə çəkməməlidir. Maraqlıdır ki, dünənki görüşdə bütün Avropa Birliyi rəhbərliyi, əsas aparıcı Avropa dövlətləri və hətta Aİ-yə daxil olmayan Böyük Britaniya belə ümumi razılığa gəldilər. Burada əsas məsələ Ukraynanın NATO-ya daxil olmaması idi – bu, Rusiyanın şərtlərindən biri idi və bu şərtə də razılıq verildi. Təhlükəsizlik təminatlarının artırılması üzərində işlərin artıq başladığını Zelenski özü də təsdiqlədi.

Ümid edək ki, 3 ildən artıq davam edən, hər iki tərəfdən çoxlu tələfat və dağıntılara səbəb olan bu müharibəyə son qoyulacaq. Ən böyük itkiləri təbii ki, Ukrayna verib. Münaqişənin bitməsi həm Ukrayna, həm də Rusiya üçün zəruridir. Bu proses Trampın seçki öncəsi verdiyi əsas vədlərdən birinin reallaşması olacaq və onun siyasi uğuru kimi qiymətləndiriləcək. Dünənki proses göstərdi ki, ABŞ bu məsələdə qətidir. Əgər Ukrayna tərəfi bu razılaşmanı pozarsa, ABŞ yalnız silah yardımı dayandırmaqla kifayətlənməyəcək, hətta kəşfiyyat məlumatlarının ötürülməsini də dayandıraraq Kiyevi danışıqları davam etdirməyə məcbur edə bilər”.

Əlaqəli Xəbərlər