Azərbaycanın ilk Konstitusiyasının qəbulu Heydər Əliyevin adı ilə bağlıdır


Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müstəqil və müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiya layihəsini hazırlamaq üçün Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılıb:

“Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra, 1995-ci il noyabrın 12-də keçirilən və seçicilərin 86 faizinin iştirak etdiyi 91,9 faiz səs çoxluğu ilə referendumda qəbul edilmiş və 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir”.

Baş prokuror qeyd edib ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət müstəqil Azərbaycanın Konstitusiyası Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu müəyyən etməklə yanaşı insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir:

“Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyur. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil etməklə yanaşı, həmçinin ölkəmizin ümumbəşəri qəbul edilmiş demokratik ideya və prinsiplərə sadiqliyinə dəlalət edir”.

Əlaqəli Xəbərlər