“Oyun zamanı düzgün tərbiyə çox önəmlidir”


“Bir uşağın böyüdülməsi zamanı gənc valideynlərin bir neçə psixoloji səhv buraxması təbii haldır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, psixoloji səhvlərdən biri uşağın hər istədiyini etməkdir: “Digər tərəfdən, uşağın rolunu oyunlar zamanı düzgün yönləndirmək ən gözəl tərbiyə üsullarından biridir. Nəyin olub, nəyin olmadığını bir gəlincik üzərində və yaxud oğlan uşağıdırsa, sürmək istədiyi balaca maşınların üzərində göstərmək mümkündür.

Çünki biz övladımızı yetişdirərkən onun psixi xüsusiyyətlərini bilmədikdə bəzən yanlış psixoloji addımlar atırıq. Bu yanlış addımlar uşağın psixi xüsusiyyətinə uyğun olmayan yönəlişlər yaradır. Atılan həmin yönəlişlər şüursuz şəkildə həyata keçirildiyinə görə uşaqların yaddaşında daha çox qalır və valideynlər buna mütləq diqqət yetirməlidirlər.

Bəzən biz övladlarımıza “olmaz” deyirik, amma digər tərəfdən özümüz həmin “olmaz”ı etdiyimiz zaman uşaq artıq bizim dediyimizə məhəl qoymur. Ona görə uşağa nəyinsə edilməsinin olmaz olduğunu öyrədərkən biz öz davranışımızla da bunu göstərməliyik. Sözlə deyil, əməllə göstərilən nümunə uşağa daha güclü təsir edir. Hətta bəzən “ay, ay” kimi səslərlə qadağan etdiyimiz şeylər uşaqlar üçün gülüşə səbəb olur. Onlar bu gülüşün içində dəcəllik edir, bu dəcəllik isə yanlış istiqamətdə davam edərsə, psixoloji səhvlər bir-birini izləyir və nəticədə bu, uşağın yox, valideynin səhvi olur.

Ümumiyyətlə, uşağın ilk şəxsiyyət dövründə və ikinci şəxsiyyət dövründə valideynlər onun yeniyetməlik böhran dövrünün necə keçəcəyini çox gözəl sezə bilərlər. Yetər ki, valideyn övladını tanısın, onun psixi xüsusiyyətlərini bilsin.

Bəzən valideynlər həddindən artıq demokrat olurlar. Uşağın daxilində yaranan müəyyən davranışlar isə sonradan qarşısıalınmaz hala gəlir. Ona görə “orta qızıl sərhəd”i qorumaq vacibdir. Necə ki, mənfi və müsbət bir-birini tarazladığı zaman bir pult işləyirsə, eləcə də uşağın beyin proqnozlaşdırılmasında valideyn həmin pultun obrazını oynayır. Yəni mənfi və müsbət bərabər olmalıdır ki, uşaq yanlış addımlardan və psixoloji səhvlərdən istifadə etməsin”.

Əlaqəli Xəbərlər