“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə əhalinin mərhələli şəkildə köçürülməsi yalnız fiziki qayıdış prosesi deyil, həm də dərin mənəvi-sosioloji məzmun daşıyan hadisədir. Bu, bir tərəfdən vətəndaşların öz doğma yurdlarına dönməsi, digər tərəfdən isə Azərbaycan xalqının tarixi yaddaşına, milli kimliyinə və mənəvi dəyərlərinə qovuşması kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu sözlərinə belə davaç edib: “Məsələn, Kəlbəcər rayonunda aparılan müşahidələr göstərir ki, azyaşlı uşaqların artıq bu torpaqlarda doğulması xüsusi əhəmiyyət kəsb edir. Çünki yaxın gələcəkdə “Kəlbəcərli” anlayışı yalnız xatirələrdə deyil, həm də yeni nəsillərin doğum yeri ilə bağlı real identifikasiya elementi kimi mövcud olacaq. Bu isə həm mənəvi-mədəni, həm də sosioloji baxımdan mühüm dönüş nöqtəsidir.
İkinci mühüm istiqamət isə iqtisadi potensialla bağlıdır. Gəncəbasar və Qarabağ–Kəlbəcər iqtisadi rayonları həm turizm, həm kənd təsərrüfatı, həm də sənaye baxımından böyük imkanlara malikdir. Burada həyata keçirilən yeni infrastruktur layihələri — yollar, tunellər və kommunikasiya xətləri — Kəlbəcərlə Gəncə arasında məsafəni qısaldacaq, iqtisadi resursların dövriyyəsini sürətləndirəcək və maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaq.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, yaxın illərdə Kəlbəcərdən Gəncəyə, eləcə də Gəncədən Kəlbəcərə hərəkət daha sürətli və əlçatan olacaq. Bu, yalnız sosial inteqrasiyanı deyil, həm də regionun iqtisadi aktivliyini gücləndirəcək.
İşğaldan azad olunmuş ərazilərə qayıdış prosesi təkcə köç siyasəti deyil, həm də:
• Mənəvi aspektdə – milli kimliyə, tarixi yaddaşa və özünüdərkin bərpası;
• Sosioloji aspektdə – yeni nəsillərin doğma yurdlarla identifikasiyası;
• İqtisadi aspektdə – resursların səmərəli istifadəsi, regional inteqrasiya və turizm potensialının reallaşdırılması deməkdir.
Beləliklə, bu proses Azərbaycanın dövlətçilik tarixində həm strateji, həm də mənəvi baxımdan dönüş mərhələsi hesab oluna bilər”.
Ayşən Vəli