“Bu gün biz sosial şəbəkə reallığında, rəqəmsal cəmiyyətdə yaşayırıq. İstəsək də, istəməsək də sosial şəbəkələr həyatımıza daxil olub və onun bütün sahələrinə təsir göstərir. Sosial şəbəkələrlə mübarizə aparmaq külək dəyirmanı ilə döyüşmək kimi bir şeydir. Bu, artıq reallıqdır. Sadəcə olaraq çalışmalıyıq ki, onlardan maksimum səmərəli və faydalı məqsədlərlə istifadə edək”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrin aşındırıcı təsirindən qorunmaq vacibdir. Bu baxımdan, onların fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul olunması yerində olardı: “Çünki bəzi istifadəçilər elə düşünürlər ki, sosial şəbəkələr “boş zonadır” və burada istədiklərini yaza, istədiklərini paylaşa bilərlər. Hətta ölkə qanunlarına və ümumi əxlaq normalarına zidd davranış sərgiləyə bilərlər. Lakin unudurlar ki, sosial şəbəkələrdə də real həyatda olduğu kimi, qanunazidd və əxlaqa zidd davranışlar hüquqi məsuliyyət yaradır. Sosial şəbəkələri sağlam informasiya və sağlam sosiallaşma məkanına çevirmək üçün orada süzgəc (filtrləmə) mexanizmləri tətbiq olunmalıdır. Neqativ və zərərli informasiyaların yayılmasının qarşısı alınmalıdır. Məsələn, Almaniyada 2017-ci ildən etibarən sosial şəbəkə operatorları ilə hökumət arasında bağlanmış müqavilə əsasında, ölkə qanunlarına zidd paylaşımlar edən və ya saxta hesablar vasitəsilə feyk məlumat yayan şəxslər hüquqi məsuliyyətə cəlb olunur. Belə bir təcrübə Azərbaycanda da tətbiq oluna bilər.
Eyni zamanda ailələr də bilməlidirlər ki, sosial şəbəkələrdən həddən artıq və məqsədsiz istifadə uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Çünki uşaqlar valideynlərini təqlid edir və onların davranışlarını nümunə kimi götürür. Sosial şəbəkələr güclü bir dalğadır və bu dalğa artıq qlobal səviyyədə bütün cəmiyyətləri əhatə edir.
Sosial şəbəkələrin aşındırıcı təsiri çoxdur. Təəssüf ki, cəmiyyətimizə uyğun olmayan, xarici dəyərlər əsasında formalaşmış, bəzən isə cinayət xarakterli davranışlar da gənclərimizə sosial şəbəkələr vasitəsilə sirayət edir. Bunun qarşısını almaq üçün ailələr mütləq diqqətli olmalı və sosial şəbəkələrdən uşaqların istifadəsinə yumşaq, lakin davamlı nəzarət etməlidirlər. Valideynlər bilməlidir ki, övladları hansı platformalardan istifadə edir, hansı informasiyalarla tanış olur və bu informasiyalar onların inkişafına nə dərəcədə töhfə verir, yaxud nə qədər təhlükə yaradır. Hesab edirəm ki, bu çox ciddi bir məsələdir. Ona görə də həm dövlət səviyyəsində, həm də ailə müstəvisində effektiv nəzarət mexanizmləri tətbiq olunmalıdır. Yalnız bu halda müsbət nəticə əldə etmək mümkün olacaq”.