“Azərbaycan mətbəxi zəngin və multikultural olduğu kimi, ölkəmizin özü də multikultural bir məkan kimi tanınır. Yeməklərdən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanda həm milli mətbəximizə, həm də dünya mətbəxlərinə maraq böyükdür. Xüsusilə gənclər arasında fast food mətbəxi populyardır, eyni zamanda Asiya və Avropa mətbəxləri də maraqla qarşılanır”.Bu sözləri SİA-ya açıqlamasında aşpaz Hüseyn Mərdanov deyib.
Onun sözlərinə görə,gürcü mətbəxi Azərbaycanda müəyyən dərəcədə tanınır, lakin bu daha çox aşağı səviyyəli kafelərdə təklif olunur: “Restoran səviyyəsində gürcü mətbəxi o qədər də geniş yayılmayıb. Son illərdə isə Asiya mətbəxinə maraq artmaqdadır, Türk mətbəxi isə hər zaman populyar olub, çünki dad və hazırlama üsulları bizə daha yaxındır. Xarici turistlərə gəlincə, onlar ölkəmizə gəldikdə əsasən milli mətbəximizlə maraqlanırlar. Qutab, dolma, aş, plov, kabab, düşbərə kimi yeməklər onların xüsusi diqqətini cəlb edir. Bəzi restoranlar turistlərin zövqünə uyğun olaraq milli yeməklərimizi daha az yağla və daha yüngül formada təqdim edirlər. Bu da onların sağlam qidalanma vərdişlərinə uyğun gəlir. Əgər biz başqa ölkəyə səyahət etsək, əksər hallarda öz milli yeməklərimizi axtarırıq. Amma əcnəbi turistlər Azərbaycana gəldikdə, xüsusilə qədim və ənənəvi yeməklərimizi dadmaq istədiklərini müşahidə edirik. Bu da milli mətbəximizin zənginliyini və maraq doğuran tərəflərini bir daha sübut edir.
Xaricilər Azərbaycan şirniyyatlarına xüsusilə maraq göstərirlər. Onların arasında paxlava, şəkərbura, badambura, şəkərçörəyi kimi milli şirniyyatlar daha çox diqqət çəkir. Bu şirniyyatlar həm dad, həm də görünüş baxımından zəngin və zərif olduqları üçün xarici qonaqların zövqünü oxşayır. Məsələn, şəkərçörəyin incəliyi və ləzzəti çoxlarını valeh edir. Beləliklə, Azərbaycan mətbəxinin bu zəngin və dadlı nümunələri beynəlxalq səviyyədə də maraqla qarşılanır və sevilir”.