“Laçın rayonu Azərbaycanın tarixi bölgələrindən biridir”


“Laçın rayonu Azərbaycanın tarixi bölgələrindən biridir. Bu ərazi qədim türklərin yaşadığı ərazilərdəndir. Hətta rayonun əvvəlki adının “Abdallar” olması da burada yaşamış türk tayfalarının adı ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında tarixçi və Laçın rayonun yetirməsi Sevda Novruzova deyib.

Onun sözlərinə görə, tarixin müxtəlif dövrlərində bu ərazidə yaşayan tayfaları itaət altına almaq istəyən qonşu dövlətlər və çarlıqlar ciddi çətinliklərlə qarşılaşıblar. Çünki burada qəhrəmanlığı və döyüşkənliyi ilə seçilən türk tayfaları mövcud olub: “Laçın təbiəti də olduqca gözəldir. Şəfalı bulaqları ilə tanınır. Ümumiyyətlə, Laçın kənd təsərrüfatı və digər sahələrdə Azərbaycanın ön sıralarında yer almış rayonlardan biridir. Xüsusilə xalçaçılıq və arıçılıq burada inkişaf etmiş sahələrdəndir. Ağıla gələn əsas məqamlardan biri də budur ki, Laçın əzəldən türk tayfalarının məskəni olub. Ermənilər bəzən bu bölgənin onlara aid olduğunu iddia edirlər, amma bu tamamilə əsassızdır. Tarixi mənbələr açıq şəkildə sübut edir ki, Laçın türklərə məxsus ərazidir. Bu gün bir Laçınlı olaraq qürur duyuram ki, vətənim azaddır. Bu azadlıq şəhidlərimizin və qəhrəman oğullarımızın canı, qanı bahasına qazanılıb. Məhz onların fədakarlığı sayəsində biz bu gün vətənimizə gedə, dağıdılmış da olsa, doğma evlərimizi ziyarət edə bilirik. Onların ruhu qarşısında baş əyirəm. Bir məlumatıda qeyd etmək istəyirəm ki, Laçın rayonunun statusu ilə bağlı — ümumiyyətlə, bu Laçın adını almaq məsələsi bunu yəqin ki, hər yerdə qeyd eləmək lazımdır, 1930-cu ildə, avqust ayının 8-də Laçın rayonu rəsmi olaraq “Laçın” adını alır. Ondan əvvəl isə bu ərazi “Abdallar” adlanırdı. Yəqin ki, bu barədə daha ətraflı məlumat Wikipedia-da da var, oradan da baxıb məlumatları əlavə etmək olar”.

Əlaqəli Xəbərlər