…Ermənistan və Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər.
SİA xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı birgə bəyanata görə, müvafiq qərar iki dövlət arasında strateji dialoqun ikinci raundunun yekunları üzrə qəbul edilib. Sənəddə qeyd edilir ki, tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Xüsusilə, yüksək səviyyəli təmasların, hərbi attaşelərin mübadiləsi, o cümlədən kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
İqtisadi istiqamətə xüsusi diqqət yetirilir: tərəflər biznes əlaqələrinin dərinləşdirilməsinin, Ermənistanın inklüziv inkişafının dəstəklənməsinin, islahatların həyata keçirilməsinin və iqtisadiyyatın şaxələndirilməsinin, o cümlədən beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Yerevan və London hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin hazırlanmasını da müzakirə ediblər.
…Böyük Britaniya öz növbəsində Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları alqışlayaraq, onları Yerevan və Bakı arasında münasibətlərin normallaşması istiqamətində qəti addımlar adlandırıb.
Strateji dialoqun ikinci raunduna Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət katibi Stiven Douti həmsədrlik edib. Analoji formatda ilk görüş 2023-cü ildə Londonda keçirilib. Böyük Britaniya ilə yaxınlaşma fonunda Ermənistan da ABŞ-la tərəfdaşlığını inkişaf etdirir: yanvarın 14-də Vaşinqtonda iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalanıb.
Mərasimdə Amerika tərəfdən o vaxtkı dövlət katibi Entoni Blinken iştirak edib.
Müqavilə siyasi, müdafiə, iqtisadi, enerji, elmi və mədəni sahələrdə əməkdaşlığı, habelə hərbi və iqtisadi islahatların aparılmasında Ermənistana yardımı nəzərdə tutur.
Əli Babayev