…Qərb tərəfdaşları bu təyyarələrin istehsalı üçün komponentlərin tədarükünü dayandırıblar. Gövdə bərkidilməsinin dizayn qüsurları bir anda 14 Sukhoi Superjet 100 təyyarəsində aşkar edilib.
SİA xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Problemlər pilot kabinəsi ilə təyyarənin ön qapıları arasında bərkidilmə ilə əlaqədardır.
Qüsurlu təyyarələr “Yamal”, “Rossiya”, “Azimut” və digər aviaşirkətlərlə uçur.
Mütəxəssislərin fikrincə, təyyarənin istismarı zamanı problemli gövdə sahəsində çatlar, deformasiyalar və qırışlar yarana bilər.
Yoxlama qeyd olunan çətinlikləri təsdiq edərsə, bu təyyarələr təmir üçün uçuşlardan kənarlaşdırıla bilər. Xatırladaq ki, Sukhoi Superjet 100 Sovet İttifaqının dağılmasından sonra hazırlanmış yeganə seriyalı Rusiya sərnişin təyyarəsidir. Onun yaradılmasında Avropa şirkətləri iştirak edib.
Təyyarə 2007-2022-ci illərdə istehsal edilib – cəmi 230-a yaxın bu tipli təyyarə hazırlanıb.
2022-ci ildən Sukhoi Superjet-in “idxalla əvəzlənmiş” versiyasının aktiv inkişafı davam edir.
Yeni rus təyyarələri
Bu gün Rusiya mülki aviasiya sənayesinin əsas ümidi qısa və orta məsafəli MS-21 layihəsidir. Təyyarənin istehsalı daim təxirə salınıb – indi seriyalı çatdırılma 2026-cı ilə planlaşdırılır.
Bu gün yeni Rusiya sistemləri və qurğuları ilə təchiz edilmiş təyyarənin prototipi sınaqdan keçirilir.
MS-21-in əsas problemlərindən biri onun həddən artıq yüksək qiymətidir – bəzi məlumatlara görə, təyyarə Boeing və Airbus-un rəqiblərindən baha başa gələcək.
Əli Babayev