“Tram yolu adlandırılan nəqliyyat infrastrukturu iqtisadi baxımdan qazanclı olacaq. Bu sözləri SİA-ya açıqlamasında konfliktoloq Elman Vəliyev deyib.
Elman Vəliyev sözlərinə belə davam edib: “Bu yol Amerika, Azərbaycan və Ermənistanın birgə layihəsidir və hər üç tərəf üçün xeyirli olacaq. Amerika üçün faydası ondan ibarətdir ki, Cənubi Qafqazda yer alacaq. Amerika axrıncı dəfə Qafqazda XX əsrdə olub. Elə o vaxt da, indi də olmasının başlıca səbəbi iqtisadi amillərlə bağlıdır. Əvvəl Zəngəzur dəhlizi adı altında müzakirələr gedirdi, Rusiya isə bu yolun öz nəzarətində olmasını istəyirdi, lakin Amerika buna imkan vermədi.
Ermənistanın da qazancları olacaq. Ona daha bir şans verildi. İqtisadi blokadadan çıxmaq, qonşuluq münasibətlərini nizamlamaq, diplomatik vasitələrdən istifadə etmək üçün yeni bir şans təqdim edildi. Yolun nəzarətini Amerika şirkəti həyata keçirəcək, əldə edilən gəlirdən Ermənistan da pay alacaq, çünki yolun bir hissəsi onun ərazisindən keçir.
Azərbaycan da qazanclı tərəfdir. İqtisadi qazancı odur ki, bu yol vasitəsilə birbaşa Naxçıvanla, Türkiyə ilə əlaqə saxlayacaq. Həmçinin irəliləyən zamanlarda Mərkəzi Asiya dövlətləri də bu yoldan istifadə edə biləcək. Azərbaycan əvvəllər Naxçıvanla, Türkiyə ilə əlaqə saxlamaq üçün İranın ərazisindən istifadə edir və ona gömrük haqqı ödəyirdi. Artıq bu olmayacaq, daha səmərəli nəqliyyat olacaq”.