“Azərbaycan bu gün çoxvektorlu siyasət həyata keçirir və bu gün də bu istiqamətdə səylərini davam etdirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Asiya ölkələri ilə əməkdaşlıq edir: “Eyni zamanda Avropa ölkələri ilə də əlaqələrin inkişafında maraqlıdır. Hesab edirəm ki, bu cür addımlar əlaqələrin inkişafında və daha da irəli getməsi baxımından çox vacibdir. Azərbaycan bu gün Şərq və Qərb arasında körpü rolunu oynayaraq, həm Asiya, həm də Avropa ölkələri ilə geniş əməkdaşlıq münasibətləri qurur. Asiya ölkələri ilə enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə səmərəli əməkdaşlıq formatları mövcuddur. Bu xüsusda, Azərbaycan-Çin münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesləri və Mərkəzi Asiya ilə inkişaf edən tərəfdaşlıq xüsusi qeyd olunmalıdır. Bu gün Azərbaycan beynəlxalq arenada üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Regional sabitliyin və təhlükəsizliyin təmin olunması, sülh və əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Ölkəmiz BMT, ATƏT, Qoşulmama Hərəkatı, İƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirakı ilə qlobal problemlərin həllinə öz töhfəsini verir.
Ümid edirik ki, tərəfdaşlıq münasibətində olduğumuz Avropa dövlətləri də qarşılıqlı öhdəliklərə sadiqlik nümayiş etdirəcək, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına səmimi şəkildə töhfə verəcəklər. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda regionun və ümumilikdə Avrasiyanın sabitliyi və rifahı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Müəllif: Arzu Qurbanlı