“1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan dövlətçiliyinin olduqca əlamətdar günlərindən biridir. Çünki torpaqlarımızın işğala məruz qaldığı bir dövrdə, Naxçıvan Muxtar Respublikasının da əraziləri təhdid və təhlükə altında olduğu bir zamanda böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Naxçıvan Ali Məclisinə məhz 1991-ci ilin sentyabr ayının 3-də sədr seçildi və beləliklə, milli dövlətçilik tariximizdə xaosdan, qarşıdurmadan qurtulmağın təməli atıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, millətimizin dövlətçilik ətrafında sıx birləşərək öz maraqlarını qoruması üçün özünün liderinə qovuşması hadisəsi baş verdi: “Yəni, xalq özünün həqiqi liderini tapdı – Naxçıvan Ali Məclisinin sədrinin timsalında, Ümummilli Lider Heydər Əliyevin timsalında və ondan sonra cərəyan edən hadisələr təqribən il yarım sonra böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycana gəlməsini zəruri etdi.
Beləliklə, təqribən il yarım sonra – 1993-cü ildə, 15 iyun tarixində böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan Ali Məclisinə sədr seçilməklə dövlətimizin inkişafının təməllərini atdı. Yəni, bugünkü tarixi zəfərimizə gedən yolun təməlləri məhz Ümummilli Lider tərəfindən Naxçıvandan başlandı. Bugünkü zəfərimizə qədər keçməkeşli, ağır, məşəqqətli, dövlət çevrilişlərindən və xəyanətlərdən dolu bir mərhələni arxada qoyduq.
Güclü təməllər əsasında qurulan dövlətçiliyimiz bu gün qalib dövlətdir, bu gün tarixi zəfər əldə etmiş bir dövlətdir və bu gün dünya siyasətində öz sözünü deməyi bacaran bir dövlətdir. Nəhayət, torpaqlarımızı işğaldan azad edən, “Böyük Qayıdış”ı təmin edən güclü bir Azərbaycandır. Bu isə məhz Ümummilli Lider Heydər Əliyevin siyasi zəkasının və dövlət təfəkkürünün məhsulu kimi ortaya çıxan tarixi gerçəklikdir”.