“Şanxay Əməkdaşlıq Təşkilatı ciddi bir platformadır. Burada Azərbaycanın iştirakı, dəvət olunması, orada Azərbaycanın Prezidentinin çıxış etməsi çox vacibdir. Yəni, diplomatiyada, siyasətdə detallar önəmlidir, xırda məsələlər böyük nəticələr doğura bilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, hər yerdə Azərbaycan Prezidentinə xüsusi diqqət oldu, xüsusi münasibət bəslənildi. Azərbaycan Prezidenti bu cür beynəlxalq platformalardan istifadə edib öz mövqeyini açıqlayır. Burada əsas olan ondan ibarətdir ki, Azərbaycan heç bir tərəfin təsiri altında deyil. Azərbaycan tam sərbəst, müstəqil siyasət yürüdür. Yəni, Qərblə də münasibətlər qurulur, eyni zamanda Şərqlə gedən proseslərdə də Azərbaycan kənarda qalmır. Çinin rəhbərliyi altında Amerikanın hegemonluğuna qarşı haradasa yaranmış bir qurumdur və burada Amerikaya qarşı əks mövqe formalaşdırılıb, güc mərkəzi yaratmağa çalışırlar, münasibətlər qururlar. Orada iqtisadi məsələlər, təhlükəsizlik, enerji məsələləri üzrə müəyyən istiqamətlər müəyyənləşdirilir. Ən azı G20 olmasa da, “10-luq”, “20-lik” tərzində bir formatdır və daxil olan ölkələr bu şəkildə əməkdaşlıq etməyə çalışırlar. Azərbaycan isə ABŞ ilə də strateji tərəfdaşlıq müqaviləsinə malikdir, eyni zamanda burada – Şanxay Əməkdaşlıq Təşkilatında da iştirak edir. Azərbaycan müstəqil şəkildə harada dövlət maraqları varsa, orada iştirak edir. Prezident İlham Əliyev də bu baxımdan iştirakını məhz dövlət maraqlarından çıxış edərək həyata keçirdi.
Çinlə münasibətlər yüksək səviyyədədir. Orada Azərbaycanın dostları da bir daha nümayiş olundu – Türkiyə ilə münasibətlər, Pakistan ilə münasibətlər ön planda idi. Azərbaycan bu platformanı həm də türk dünyası ilə bağlı əlavə bir tribuna kimi istifadə edir, öz mövqeyini ortaya qoyur. Çinlə münasibətlərə gəlincə, Prezident xüsusilə vurğuladı ki, son iki ildə Azərbaycan ilə Çin arasında münasibətlər yeni səviyyəyə qalxıb. Bu istiqamətdə də inkişaf davam edir. Təbii ki, burada Zəngəzur dəhlizi məsələsi də gündəmdə idi. Azərbaycan iqtisadi maraqlarını orada açıq şəkildə ortaya qoydu və bununla da hesablaşdılar. Orta dəhliz deyilən, Çinin də “Bir kəmər – bir yol” təşəbbüsünün bir hissəsi olan bu dəhliz Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır və Prezident bildirdi ki, bu dəhlizin reallaşması iştirakçı dövlətlərin hər biri üçün faydalı olacaq. Yəni Azərbaycan yalnız öz maraqları ilə deyil, ümumi əməkdaşlığın faydasını da əsaslandıraraq təqdim etdi”.
Partiya sədri sözlərinə davam edərək bildirdi ki, bu səfər həm siyasi, həm iqtisadi baxımdan Azərbaycan üçün çox sərfəlidir və Azərbaycan siyasi iradəsini nümayiş etdirdi. Orada siyasi mövqeyini nümayiş etdirdi, heç kimdən çəkinmədiyini göstərdi: “Rusiya prezidenti ilə görüş alınmadı. Rusiya daha çox maraqlıdır, çünki Azərbaycan öz mövqeyindən geri çəkilmir. Azərbaycan Rusiya qarşısında şərtlər qoyur – təyyarənin vurulmasından tutmuş, digər məsələlərə qədər. Rusiya buna cavab vermədiyinə görə görüşdən qaçır. Qaçırlarsa, özləri bilər. Amma hər halda Azərbaycan bir daha müstəqil siyasətini nümayiş etdirdi. Bu mesajı verdi: Əgər Rusiya Azərbaycanın qarşısında bərabərhüquqlu əməkdaşlıq müstəvisinə keçməzsə, Azərbaycan da geri çəkilməyəcək. Eyni zamanda Azərbaycan siyasi səviyyədə regionda – Cənubi Qafqazda öz mövqeyini göstərdi.
Siyasi, iqtisadi, diplomatik aspektlərdə çox ciddi mesajlar verildi. Bünövrəsi qoyulan layihələr oldu, bir çox görüşlər keçirildi və bu hələ davam edir. Çinin paytaxtında keçiriləcək parada da Azərbaycan Prezidenti qatılacaq və orada da görüşlər keçiriləcək, məsələlər aydınlaşdırılacaq. Ümumilikdə hesab edirəm ki, bu səfər Azərbaycanın daxili və xarici siyasətinin nümayişi baxımından çox uğurlu oldu. Ayrı-ayrı dövlətlərlə və şirkətlərlə keçirilən görüşlərin hər birinin praktik əhəmiyyəti vardır. İdeoloji, nəzəri və praktiki baxımdan bu səfər çox uğurlu oldu”.