“Qiymətlərin yüksəkliyi turistlər üçün maneədir dedikdə, əlbəttə ki, qiymətlər yüksək olarsa və bu qiymətlərin yüksək olması qarşılığında xidmətlər və göstərilən keyfiyyət qiymətin dəyərində olmasa, o zaman narahatçılıq yaranmağa bir səbəb olur. Amma hal-hazırda Azərbaycan üçün qiymətlərin yüksək olması nisbidir, çünki hazırda otel və restoran qiymətləri qonşu ölkələrlə müqayisədə daha əlverişlidir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
Ceyhun Aşurov sözlərinə belə davam edib: “Hətta Türkiyə və Gürcüstanla müqayisədə də Azərbaycanda qiymətlər daha münasibdir. Söhbət turizmdən gedirsə, ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunur və bu da qiymətlərə təsir edir.
Lakin əsas məsələ uçuş qiymətlərinin yüksək olmasıdır. Hazırda Azərbaycanın quru sərhədləri bağlıdır və ölkəyə əsasən hava nəqliyyatı vasitəsilə giriş-çıxış mümkündür. Bu səbəbdən tur paketlərinin qiymətlərində hava nəqliyyatı xərcləri ciddi rol oynayır. Belə olan halda, xarici turist üçün Azərbaycana gəlmək baha başa gəlir. Əgər turistin seçə biləcəyi başqa alternativlər varsa, o niyə məhz Azərbaycanı seçsin? Buna görə də biz, turistlərin ölkəmizi seçməsi üçün səbəbləri artırmalıyıq.
Bu səbəblər əlbəttə ki, təkcə qiymətlərlə bağlı deyil. Həm rahat marşrutların olması, ölkəyə gəlmənin rahat olması, hər hansı bir baryerin olmaması, vizanın olmaması və yaxud da vizanın çox asan olması – hansı ki, bu istiqamətdə müəyyən işlər görülmüşdür – eyni zamanda rahat və əlverişli şəkildə, münasib qiymətə ölkəyə gəliş-gedişin hava nəqliyyatından da olması, əlbəttə ki, buna öz müsbət təsirini göstərə bilər. Düşünürəm ki, hava nəqliyyatında biz ucuz hava daşıyıcılarını Azərbaycana cəlb edə bilsək, bu, qiymətlərin azalmasına səbəb ola bilər. Hazırda Azərbaycanın 9 beynəlxalq hava limanı var. Amma uçuşların 90 faizindən çoxu yalnız Bakı hava limanından həyata keçirilir. Digər hava limanları isə həm səmərəli çalışmır, həm də effektiv deyil. Ümumilikdə onların saxlanılması da əslində ciddi xərc tələb edir.
Ölkəyə daha çox turistin cəlb olunması üçün mütləq hava məkanlarının və hava limanlarının səmərəli çalışması, əlverişli qiymətlərlə xidmət göstərilməsi çox zəruridir və bu, həm də rəqabət mühitini artırmış olacaqdır. Ümumiyyətlə götürdükdə isə Azərbaycanda həm otellərin, qalma yerlərinin sayı artırılmalıdır ki, son dövrlərdə biz bunu görürük – qalma yerlərinin sayında müəyyən artım var. Bu artdıqca və eyni zamanda daha çox turist gəldikcə, düşünürəm ki, ölkəyə gəlmək üçün ilk növbədə onların logistikasını əlverişli etməliyik. Bu zaman turistlərin axınına müsbət təsir göstərəcək, demək olar.
Qiymətlərin yüksəkliyi dedikdə, əsasən ölkəyə gəliş-gediş və nəqliyyat xərclərinin yüksəkliyini nəzərdə tuturam və hesab etmirəm ki, Azərbaycanda otellər, restoranlar və qidalanma qonşu ölkələrlə müqayisədə elə də bahadır”.