Azərbaycan-Vyetnam: ikitərəfli əməkdaşlıqda birgə səylər


Prezident: “Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur”

Ərazi bütövlüyünü təmin etmiş və suveren Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını daha da genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Cənubi-Şərqi Asiya ölkələri, o cümlədən Vyetnamla əlaqələrin inkişafına böyük önəm verməsidir. Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir və 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti bu ölkəyə səfər edir. Həmin səfər keçmiş SSRİ-nin Vyetnamla münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev Vyetnamın birləşməsindən sonra bu ölkəyə səfər edən ilk yüksəkvəzifəli xarici dövlət rəsmisi idi. Əslində, həmin səfərin Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Çünki əzablı Fransa işğalından, ABŞ ilə qanlı müharibədən sonra təzəcə sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında Vyetnamla münasibətlərin inkişafına da önəm verir. “Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı”. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa bu ölkənin müstəqilliyinin 80-ci ildönümü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

“SAĞLAM TƏMƏLLƏR ÜZƏRİNDƏ QURULMUŞ DÖVLƏTLƏRARASI ƏLAQƏLƏRİMİZİ BUNDAN SONRA DA İNKİŞAF ETDİRMƏK ƏZMİNDƏYİK”

Prezident Lıonq Kıonqa və dost Vyetnam xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran dövlətimizin başçısı məktubunda qeyd edib ki, böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə edib və uğurlara imza atıb: “Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələr üzrə böyük əməkdaşlıq potensialı mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi bundan sonra da inkişaf etdirmək əzmindəyik”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etdiriləcək.

İki ölkə arasında əməkdaşlığın inkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Ölkələrimizin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var. İqtisadi-ticari münasibətlər təkcə iqtisadi artımı stimullaşdırmaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmindir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcısıdır. Təkcə 2024-cü ildə Azərbaycan 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton xam neft və neft məhsulları ixrac edib, Vyetnam neft alışına görə neft alan ölkələr arasında 21-ci yerdədir. On ildən artıqdır ki, SOCAR və Vyetnamın ən böyük enerji şirkətləri “PetroVietnam” və “Vietsovpetro” neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əməkdaşlığı inkişaf etdirirlər. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlıq möhkəm tarixi təmələ əsaslanır.

İKİ XALQ ARASINDA MÖHKƏM DOSTLUQ KÖRPÜSÜ

Azərbaycanın Vyetnamla əlaqələri həm tarixi, həm də müasir dövr baxımından çox önəmlidir. Bu əlaqələr yalnız dövlət səviyyəsində deyil, həm də ədəbiyyat və mədəniyyət sahələrində hər iki xalq arasında möhkəm dostluq körpüsünü yaradıb. Hər iki ölkə müstəqil dövlətlər olaraq öz milli kimliklərini qoruyub saxlamaqla yanaşı, beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq ediblər. Bu əməkdaşlığın ən mühüm sahələrindən biri ədəbiyyat və mədəniyyət sahəsi olub. Azərbaycanın ədəbiyyatını və mədəniyyətini tanıdan, Vyetnamın zəngin mədəni irsini nümayiş etdirən müxtəlif təşəbbüslər, qarşılıqlı tərcümələr və ədəbi mübadilə ölkələr arasındakı dostluq əlaqələrini daha da gücləndirib.

Ölkələr arasında digər sahələrlə yanaşı, mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib. Azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis olunub.

Mədəni-humanitar əməkdaşlıqdan danışarkən Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamla bağlı işlərini vurğulamaq lazımdır. Vyetnamın Hazianq əyalətində ucqar yaşayış məntəqələrindən olan Ziap Çunq qəsəbəsində ibtidai məktəb binasının inşası Heydər Əliyev Fondunun xeyirxahlıq missiyasının göstəricisi olmaqla yanaşı, Azərbaycanın Vyetnam ilə münasibətlərə verdiyi əhəmiyyətin təzahürüdür. Vyetnam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişafı üçün geniş perspektivlər və potensial mövcuddur.

“Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir”, – deyə çıxışlarının birində Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmin olduğunu diqqətə çəkib: “Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir. Əlbəttə, təhsil sahəsi. Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq.” Tarixi təməllər üzərində qurulmuş bu əlaqələr, qarşılıqlı hörmət və ortaq maraqlar çərçivəsində yeni əməkdaşlıq imkanlarını gündəmə gətirir.

Nəzakət ƏLƏDDİNQIZI

Əlaqəli Xəbərlər