Son günlər sosial şəbəkələrdə Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin pedaqoji heyəti yeni tədris ilinə fərqli bir yanaşma ilə başlayıb. Belə ki, pedaqoji kollektivin birgə qərarı ilə müəllimlər 2025–2026-cı dərs ilindən etibarən vahid geyim formasından istifadə edəcəklər.
Maraqlıdır, görəsən, kütləvi şəkildə müəllimlər vahid formaya keçə bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda müəllimlərin vahid formaya keçməsi ilə bağlı ölkə üzrə tətbiq edilən vahid və məcburi bir qanunvericilik sənədi mövcud deyil.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı heç bir normativ-hüquqi akt, Nazirlər Kabinetinin qərarı və ya Təhsil Nazirliyinin rəsmi təlimatı qəbul olunmayıb: “Buna görə də, 2025-2026-cı tədris ilində müəllimlərin kütləvi şəkildə vahid geyim formasına keçməsi məsələsi gündəmdə deyil. Bu günə qədər vahid geyim formasının tətbiqi əsasən məktəblərin daxili təşəbbüsü və pedoqoji şuraların qərarı ilə həyata keçirilir. Məsələn, Şəmkir rayonunda yerləşən müəyyən məktəblərdə müəllimlərin vahid formaya keçməsi ilə bağlı qərar həmin məktəblərin pedoqoji şurası tərəfindən qəbul olunub.
Bənzər bir təcrübəyə Sabunçu rayonunun 67 saylı orta məktəbində də rast gəlinib. Artıq bir neçə ildir ki, həmin məktəbdə müəllim heyəti vahid geyim formasından istifadə edir və bu, həm pedaqoji kollektivin, həm də valideynlərin dəstəyini qazanıb. Burada da təşəbbüs məktəb rəhbərliyinin və pedoqoji şuranın qərarı əsasında həyata keçirilib. Lakin bu kimi təşəbbüslər lokal xarakter daşıyır və ölkə üzrə ümumi qayda kimi tətbiq oluna bilməz. Əgər gələcəkdə müəllimlər üçün vahid geyim formasının tətbiqi kütləvi və məcburi xarakter daşıyacaqsa, bu halda müvafiq hüquqi baza yaradılmalı, yəni Nazirlər Kabineti tərəfindən rəsmi qərar qəbul edilməli, Təhsil Nazirliyi tərəfindən konkret göstərişlər və geyim standartları müəyyən olunmalıdır”.