“ŞƏT sammiti iki ölkə arasındakı münasibətləri daha da irəli apardı”


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına baş tutan işgüzar səfəri məhsuldar oldu. Xüsusilə Çində “Şanxay Əməkdaşlıq Təşkilatı Plus” formatında keçirilən sammitdə Azərbaycan Prezidentinin iştirakı, orada çıxış etməsi və keçirdiyi görüşlər yüksək qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu sonuncu səfər də iki ölkə arasındakı münasibətləri daha da irəli aparmaq üçün əla bir fürsət oldu:

“Aparılan müzakirələr Azərbaycanın Çin iqtisadiyyatına çıxışını asanlaşdıraraq ölkəmizə Çin texnoloji yeniliklərinə birbaşa çıxış imkanı yaradıb. Bu əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyan yaşıl enerji layihələrinin reallaşması üçün də yeni fürsətlər gətirib. Dünya liderləri və digər dövlət başçıları ilə keçirilən görüşlərlə paralel olaraq Çindəki beynəlxalq şirkət və korporasiyaların rəhbərləri ilə aparılan müzakirələr sadaladığım məsələlərin operativ və intensiv həllinə hədəflənib. Çin Xalq Respublikasının Prezidenti cənab Si Cinpinlə baş tutan görüş zamanı Çin liderinin “Mənim əziz dostum” deyərək müraciət etməsi iki lider arasında çox xoş və səmimi münasibətin mövcud olduğunu göstərir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezidentin Türkiyə və Pakistan liderləri, MDB ölkələrinin dövlət başçıları və türkdilli dövlətlərin liderləri ilə keçirdiyi görüşlər xüsusi olaraq qeyd edilməlidir: “Rusiya Prezidenti Vladimir Putinlə cənab Prezident arasında hər hansı bir görüşün olub-olmayacağı jurnalistlər tərəfindən maraqla izlənilirdi. Ancaq parad zamanı, parad öncəsi Vladimir Putin, cənab Prezident və hörmətli Mehriban xanımla salamlaşma səhnəsinə şahidlik etdik. Sonradan isə Vladimir Putin Çindən mətbuat açıqlaması zamanı ona ünvanlanan Azərbaycanla bağlı sualı cavablandıraraq, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini və Azərbaycana önəm və dəyər verdiklərini vurğuladı. Hesab edirəm ki, səfərin nəticələri Azərbaycanın iqtisadiyyatının güclənməsinə, Azərbaycanın artan mövqeyinin daha da inkişaf etməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verəcək”.

Əlaqəli Xəbərlər