Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Macarıstan biznes-forumu təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Birgə Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes-forumda çıxış ediblər.
S.Babayev Birgə Komissiyanın XI iclasının nəticələrinin Azərbaycan–Macarıstan münasibətlərinin dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olaraq əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdiyini bildirib. Nazir vurğulayıb ki, hökumətlər əməkdaşlıq üçün razılaşma çərçivəsini müəyyənləşdirir, biznes ictimaiyyəti və investorlar isə həmin razılaşmaları konkret layihələrə çevirirlər. Onun sözlərinə görə, biznes-forum tərəfdaşlıqların qurulması, innovasiyaların təşviqi və yeni bazarlara çıxış baxımından mühüm platforma rolunu oynayır. Azərbaycanın diversifikasiya, dayanıqlılıq və açıqlıq prinsiplərinə əsaslanan, sabit və etibarlı tərəfdaş olduğunu vurğulayan S.Babayev Macarıstan şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib, eyni zamanda, Azərbaycan şirkətlərinin də Macarıstanda və Avropa İttifaqında yeni inkişaf imkanlarını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
“Azərbaycan ilə Macarıstan arasındakı dostluq və etibarlı tərəfdaşlıq gələcək əməkdaşlıq üçün güclü təməl yaradır. Gələcək tərəqqi biznes ictimaiyyətinin yaradıcılığı və ambisiyalarından asılı olacaq. Əminəm ki, bu gün mübadilə edilən fikirlər ümidverici təşəbbüslər və uzunmüddətli uğurlara yol açacaq”, – deyə S.Babayev qeyd edib.
Forum çərçivəsində ikitərəfli ticarətin genişləndirilməsi, investisiyaların təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, enerji, yaşıl iqtisadiyyat, ərzaq təhlükəsizliyi və nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan, o cümlədən Qarabağ bölgəsinin investisiya imkanları ilə bağlı geniş təqdimatla çıxış edərək, Macarıstan sahibkarlarını ölkəmizin dinamik inkişaf edən iqtisadiyyatı və əlverişli investisiya mühiti ilə yaxından tanış olmağa və bu potensialdan faydalanmağa dəvət edib.
Bununla yanaşı, Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müşaviri Sevda Əliyeva Azərbaycanın turizm sektoru, zəngin mədəni irsi və unikal turizm marşrutlarına dair təqdimatla çıxış edib. Forum çərçivəsində Azərbaycanın “Hieronica Limited” şirkəti ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu imzalanıb.
Biznes-forumda iş adamları arasında görüşlər keçirilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. Biznes-forumda ümumilikdə 90-dan artıq şirkət, o cümlədən Azərbaycandan 30 şirkət iştirak edib.