Muxtar respublikada təcili tibbi yardım avtomobilləri yeni avadanlıqlarla təmin olunub


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, muxtar respublikada Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin gücləndirilməsi, yeni briqadaların formalaşdırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, tədbirlər çərçivəsində Təcili Tibbi Yardım Xidmətinin müasir tələblərə cavab verən səviyyədə təşkili və xidmətin əhaliyə operativ göstərilməsi üçün bir sıra mühüm addımlar atılıb, köhnə təcili yardım avtomobillərinin daxili təchizatı yenilənib. Yeni avadanlıqlarla təchiz edilmiş avtomobillər Təcili Tibbi Yardım briqadalarının vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini artırmaqla, ən qısa zamanda effektiv müdaxilənin təmin edilməsinə imkan verir.

Yeni avadanlıqlar və zəruri tibbi ləvazimatların alınmasına 980 min manat vəsait ayrılıb, ümumilikdə, 22 adda avadanlıq və ləvazimat təmin edilib. Alınan avadanlıqlar arasında süni tənəffüs cihazları, portativ aspiratorlar, ambulans üçün portativ aspiratorlar, baş üçün immobilizasiya yastıqları, boyunluqlar, pnevmatik şinalar dəsti, səyyar təzyiq ölçən cihazlar, stasionar təzyiqölçən, tam təchizatlı təcili tibbi yardım çantaları, yanıq dəstləri, təcili doğum dəstləri, torakal drenaj seti, diaqnostik dəst, defibrilyatorlar və digər zəruri tibbi ləvazimatlar yer alır.

Qeyd edək ki, görülən tədbirlər yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmır. Yeni briqadaların formalaşdırılması, personalın ixtisasının artırılması və müasir tibbi texnologiyaların tətbiqi ilə xidmətin keyfiyyəti daha da yüksəldilib. Bu addımlar Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və təcili tibbi yardımın operativliyinin təmin edilməsi sahəsində aparılan kompleks işlərin mühüm tərkib hissəsini təşkil edir.

Əlaqəli Xəbərlər