“Böyük Qayıdış Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyır”


“Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində ən mühüm dövlət prioritetlərindən biridir. Çünki bu təşəbbüs təkcə işğaldan azad edilmiş ərazilərə insanların qayıdışı ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi inkişafının, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət və qayğı göstərməsi isə təsadüfi deyil. Prezident şəxsən azad edilmiş bölgələrdə aparılan bərpa-quruculuq işlərinə nəzarət edir, mütəmadi səfərlər edir və layihələrin icrası ilə yaxından maraqlanır: “Bu da dövlətin bu məsələyə verdiyi strateji önəmi bir daha təsdiqləyir. Görülən işlər arasında “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin reallaşdırılması, müasir infrastrukturun qurulması, yolların, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, eləcə də məktəb, xəstəxana və digər sosial obyektlərin inşası xüsusi qeyd olunmalıdır. Bütün bunlar qayıdış prosesinin sürətli və dayanıqlı olmasına xidmət edir.

Böyük Qayıdış həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki bu proses Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının praktik nəticəsidir və beynəlxalq ictimaiyyətə ölkəmizin işğaldan azad edilmiş əraziləri necə sürətlə inkişaf etdirdiyini göstərir. Bu, həm də Azərbaycanın dövlətçilik modelinin uğurunu nümayiş etdirir. Böyük Qayıdış iqtisadi baxımdan da strateji əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası ölkə iqtisadiyyatına yeni resurslar, turizm imkanları və kənd təsərrüfatı potensialı qazandırır. Bununla yanaşı, əhalinin məşğulluğu təmin olunur, yeni iş yerləri açılır və regionun sosial rifahı yüksəlir. Böyük Qayıdış proqramı Azərbaycanın həm daxili inkişafına, həm də beynəlxalq mövqeyinə böyük töhfə verir. Prezidentin bu məsələyə göstərdiyi xüsusi diqqət isə proqramın uğurla həyata keçirilməsinin əsas təminatıdır”.

Əlaqəli Xəbərlər