Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hazırda müşahidə edilən güclü külək təhlükəsi ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. BDYPİ-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 11-12-də ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Bu isə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
BDYPİ xəbərdarlıqda hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik baxımından güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmağı, digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumağı, qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərində daşınan yüklərin etibarlı qablaşdırılmasına xüsusi diqqət yetirməyi, açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmağı, ötmə əməliyyatı zamanı küləyin axınını nəzərə almağı, küləyin təsiri altında hərəkət edərkən aşma riski olan obyektlərin kənarında diqqətli olmaq, avtomobili park edərkən isə onların altında saxlamamağı tövsiyə edib.
Eyni zamanda, piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı daha ehtiyatlı davranmaları vacibdir.
BDYPİ bir daha bütün yol hərəkəti iştirakçılarını qaydalara məsuliyyətlə yanaşmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.