“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.
Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq”.
SİA xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 145-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı mayın 28-də Laçında keçirilmiş Zirvə görüşündə söyləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilmiş Zirvə görüşünün materialları yeni kitaba daxil edilib.
Çoxcildliyin 145-ci kitabında toplanmış materiallar 2025-ci ilin may-iyun aylarını əhatə edir.
Bu kitabda 28 May – Müstəqillik Günü münasibətilə müxtəlif dövlət və hökumət başçılarının Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubları da yer alıb.
Oxucular bu kitabda Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti ilə görüşünə dair informasiya ilə tanış ola bilərlər.
Prezident may ayında İsmayıllı rayonuna səfər edib, “Talıstan” liseyinin binasının, “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni istehsal müəssisəsinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı, həmçinin Laçına səfər edib, istehsal və digər müəssisələrin açılışlarında iştirak edib, Laçın kanat yolunun təməlini qoyub, rayonun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Prezident Laçın Beynəlxalq Hava Limanının da açılış mərasimində iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olub. Bütün bunlar haqqında informasiyalar da yeni kitabda verilib.
145-ci kitaba Azərbaycan Prezidentinin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakına dair materiallar da daxil edilib.
Dövlətimizin başçısının “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın, Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətlərinin mətnləri də bu nəşrdə toplanıb.
Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.