“Sel və leysan yağışları nəticəsində, xüsusən də tropik-quru iqlim qurşağında yay fəslində sel və daşqın hadisələri baş verir. Normalda iyul-avqust aylarında yağan leysan yağışları ani olaraq selə çevrilə bilir və ya mövsümi yağışlar aylıq normanı aşdıqda bu selə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.
O bildirib ki, bu problemin əsas səbəblərindən biri şəhərsalma ilə bağlıdır: “Məsələn, Bakı şəhərində dəfələrlə aylıq norma aşan kimi sel yaranır, kanalizasiya sistemləri düzgün qurulmadığı üçün isə bu problem daha da böyüyür. Regionlarda da oxşar hallar müşahidə olunur. Bir neçə il əvvəl Göygöl rayonunda baş verən sel nəticəsində bir ailə faciə yaşadı, bir neçə nəfər selə qapılaraq həyatını itirdi, evlər isə su altında qaldı.
Əsas səbəb odur ki, insanlar “selap” deyilən yerlərdə — çay yataqlarının ağızlarında ev tikirlər. Onlar düşünürlər ki, 10-50 ildir burada sel olmayıb, buna görə də rahatlıqla ev tikmək olar. Halbuki nə proqnoz, nə də tarixi təcrübə nəzərə alınır. Nəticədə bir gün yağan leysan və ya bahar suları böyük fəlakətə səbəb olur. Dövlət məcbur qalaraq vəsait ayırır, insanlar isə ağır faciələrlə üzləşirlər. Bu, plansız, elmə əsaslanmayan və biliyə dayanmayan layihələrin nəticəsidir.
Bakı və Sumqayıtı müqayisə etdikdə, Sumqayıtda bu hallar nisbətən az müşahidə olunur. Çünki orada şəhər planlaması fərqlidir. Bakıda isə leysan yağışları nəticəsində gölməçələr yaranır, insanlar keçidlərdə və tünellərdə çıxılmaz vəziyyətdə qalırlar. Bunun qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işi aparılmalıdır. İnsanlar bilməlidirlər ki, kənd və rayon yerlərində dərə ağızlarında və çökək ərazilərdə ev tikmək olmaz. Dağ yamaclarında tikinti aparılarkən sürüşmə və sel riski mütləq nəzərə alınmalıdır. Şəhərlərdə isə məsuliyyət birbaşa müvafiq qurumların üzərinə düşür. Şəhərsalma Komitəsi, bələdiyyələr və icra strukturları bu işdə daha ciddi davranmalıdırlar. Biz artıq gecəqondu dövrünü geridə qoymuşuq, buna görə də dövlət də daha qəti tədbirlər görməli, Milli Məclis isə bu sahədə sərt qanunlar qəbul etməlidir. Nəticə etibarilə, hər kəs öz işinə məsuliyyətlə yanaşmalı və gələcəkdə belə faciələrin qarşısını almaq üçün həm dövlət, həm də vətəndaş səviyyəsində ciddi addımlar atılmalıdır”.