“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağa növbəti səfərini həyata keçirmişdir. Bu səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm tədbirlərdə iştirak etmiş, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yaxından tanış olmuşdur. Prezident İlham Əliyev ilk olaraq Füzuli rayonunda yeni salınacaq Qaraxanbəyli kəndinin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Qaraxanbəyli kəndinin baş planı ilə tanış olan Prezident, kəndin gələcəkdə müasir infrastruktur, rahat yaşayış şəraiti və sosial obyektlərlə təmin olunacağını bildirmişdir. Kəndin bərpası çərçivəsində yaşayış evləri, məktəb, tibb məntəqəsi, uşaq bağçası, mədəniyyət evi və digər ictimai obyektlərin inşası nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, daha sonra dövlət başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edərək burada yeni inşa ediləcək məscidin təməlinin qoyulması mərasimində iştirak etmişdir:
“Cənab Prezident məscidin layihəsi ilə tanış olmuş və bu müqəddəs ocağın azad edilmiş torpaqlarda milli-mənəvi dəyərlərin bərpasında mühüm rol oynayacağını vurğulamışdır. Hadrutun mədəni və dini həyatına töhfə verəcək bu məscid gələcəkdə həm ibadət, həm də maarifləndirmə məkanı olacaq. Səfər çərçivəsində Prezident İlham Əliyev Hadrut və Qırmızıbazar qəsəbələrinin, eləcə də Sos kəndinin sakinləri ilə geniş tərkibdə görüş keçirmişdir. Görüş zamanı sakinlərin problemləri, təklifləri və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılmış, dövlət başçısı bu ərazilərin sürətli şəkildə bərpa ediləcəyini, vətəndaşların mərhələli şəkildə öz doğma yurdlarına qayıdışının təmin ediləcəyini bəyan etmişdir. O, həmçinin Azərbaycan dövlətinin azad olunmuş ərazilərin dirçəlişinə xüsusi önəm verdiyini vurğulayaraq, Qarabağın və Şərqi Zəngəzurun sürətlə inkişaf edəcəyini qeyd etmişdir.
Prezident İlham Əliyev səfəri çərçivəsində həmçinin Xocalı rayonunun Şuşakənd kəndində də olmuşdur. Burada aparılan bərpa işləri ilə tanış olan dövlət başçısı kəndin əvvəlki sakinlərinin yaxın zamanda qayıdışına şərait yaradılacağını bildirmişdir. O, Şuşakəndin də digər yaşayış məntəqələri kimi müasir tələblərə cavab verəcək şəkildə yenidən qurulacağını xüsusi olaraq qeyd etmişdir.
Xüsusilə cənab Prezidentin Xankəndi, Xocalı və Hadruta səfərləri xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər çərçivəsində dövlət başçısının həmin ərazilərin sakinləri ilə birbaşa görüşlər keçirməsi, onların qayğı və ehtiyaclarını yerindəcə dinləməsi və dərhal müvafiq tapşırıqlar verməsi, Azərbaycan dövlətinin vətəndaşlara olan diqqət və qayğısının bariz nümunəsidir.
Xankəndidə artıq azərbaycanlıların məskunlaşması prosesi geniş vüsət alıb. Əhalinin geri dönüşü sistemli şəkildə təşkil olunur və bu proses tamamilə könüllülük prinsipi əsasında aparılır. Regionda müasir infrastruktur yaradılır, sosial obyektlər – məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət ocaqları inşa olunur. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrindən olan tələbələrin Xankəndi Universitetinə üstünlük verməsi bu şəhərin elmi və təhsil mərkəzinə çevrilməkdə olduğunu təsdiqləyir. Bu, həm də regionda həyatın normal axara düşdüyünün mühüm göstəricilərindən biridir. Xocalı rayonunun kəndlərinin abadlaşdırılması və sakinlərin doğma yurdlarına qayıdışı xüsusi tarixi əhəmiyyət daşıyır. Xocalı soyqırımının canlı şahidlərinin uzun illərdən sonra öz dədə-baba torpaqlarına dönməsi, orada yenidən məskunlaşması, yeni evlərə, məktəblərə və infrastruktur obyektlərinə qovuşması Azərbaycanın ədalətli siyasətinin və zəfərlə nəticələnmiş Vətən müharibəsinin nəticəsidir. Bu, həm də milli yaddaşın qorunması baxımından mühüm hadisədir. Prezident İlham Əliyev demək olar ki, hər Qarabağ səfəsində bir və ya bir neçə kəndin, qəsəbənin açılışında iştirak edir, onları sakinlərinə təhvil verir. Bu proses yalnız fiziki bərpa ilə kifayətlənmir, eyni zamanda bölgənin sosial-iqtisadi, mədəni və ictimai həyatına da yeni nəfəs gətirir. Hər yeni açılış, hər yeni bərpa olunmuş kənd – Azərbaycanın gücünü, iradəsini və gələcəyə olan inamını nümayiş etdirir. Nəticə etibarilə, Qarabağ və Şərqi Zəngəzur bölgələri bu gün sürətli inkişaf mərhələsinə qədəm qoyub. Dövlət səviyyəsində aparılan genişmiqyaslı layihələr nəticəsində bu torpaqlar nəinki yenidən canlanır, həm də regionun sosial-iqtisadi xəritəsində öz layiqli yerini tutur. Cənab Prezidentin ardıcıl səfərləri və açılış mərasimlərində iştirakı isə bu prosesə verilən ali siyasi iradənin və şəxsi diqqətin göstəricisidir”.