Sentyabrın 15-də Ağcabədi rayon Hindarx qəsəbə Qaraş Əliyev adına 3 nömrəli ümumi orta məktəbi üçün inşa edilmiş məktəb binası istifadəyə verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun nümayəndələri, şəhid ailələrinin üzvləri, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə məktəbin qarşısında şəhid Qaraş Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik ediblər.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri, şagirdlər və qəsəbə sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Sonra qonaqlar təhsil ocağında yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. Hindarx qəsəbə 3 nömrəli ümumi orta məktəb binası 528 şagird yerlik, üç mərtəbəli bir korpusdan ibarətdir. Təhsil müəssiəsində 22 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq, əmək təlimi otaqları, kitabxana, yeməkxana, 300 yerlik akt, idman zalları, açıq idman meydançası və köməkçi tikililər var. Məktəbdə 445 şagird təhsil alır və onların tədrisi ilə 42 nəfər pedaqoji heyət məşğul olur.