…Avropa Komissiyasının sözçüsü Anita Hipper brifinqdə bildirib ki, Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaların tətbiqi imkanlarını öyrənir.
SİA-nın məlumatına görə, bu barədə “İnterpressnews” xəbər verir.
Onun sözlərinə görə, hakim “Gürcü arzusu” partiyasının törətdiyi “demokratiyadan böyük yayınma”nı nəzərə alaraq, “sanksiyalardan tutmuş vizasız rejimin dayandırılmasına qədər” təzyiq göstərmək üçün əlavə variantlar nəzərdən keçirilir.
Hipper respublikada jurnalistlərə, etirazçılara və müxalif siyasətçilərə qarşı davam edən təqiblərə diqqət çəkib. Sentyabrın 15-də “Dəyişiklik naminə” qərbyönlü koalisiyasının dörd liderinin hamısı: Zurab Girçi Caparidze, Nika Qvaramiya, Nika Melia və Elene Xoştariya həbsdədir. Xoştariya ötən gün hakim partiyanın Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladzenin seçki bannerində “Rus arzusu” yazısına görə saxlanılıb.
Onun barəsində əmlaka dəymiş ziyana görə cinayət işi açılıb. Hipper bildirib ki, Avropa İttifaqı Xoştariya və digər siyasi məhbusları dəstəkləyir.
…Biz bu insanlarla tam həmrəy olduğumuzu bəyan edirik və onların dərhal azad edilməsinə çağırırıq,- deyən Hipper həmçinin xatırladıb ki, Avropa İttifaqı artıq Gürcüstanla siyasi əlaqələrin səviyyəsini aşağı salıb və onun hakimiyyət orqanlarına maliyyə yardımını dayandırıb, vətəndaş cəmiyyətinə dəstəyi artırıb.
Politico mənbələri iyul ayında bildirmişdilər ki, avropalı diplomatlar hakimiyyət tərəfindən etirazların yatırılması səbəbindən Gürcüstanla vizasız rejimin ləğvini müzakirə edirlər. Nəşr qeyd edir ki, Avropa İttifaqı kiçik bir qrup üzv dövlətin müqavimətinə görə Tbilisiyə qarşı hər hansı hərəkətdən çəkinib.
Əli Babayev