Estoniyanın “Qarabağ” komandası EuroCup turnirində iştirak edəcək


Estoniyada fəaliyyət göstərən “Qarabağ Tallinn” minifutbol komandası Bolqarıstanın Sofiya şəhərində keçiriləcək beynəlxalq EuroCup turnirinə qatılacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 24–28-də baş tutacaq turnirə komanda ciddi şəkildə hazırlaşır.

Klubun idman direktoru Elnur Vəliyev turnirdə iştirakın həm komandanın Avropa səviyyəsində tanınması, həm də Estoniyada yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını deyib: “Turnirin səviyyəsini və bizi gözləyən rəqabəti yaxşı dərk edirik. Futbolçular Estoniyanı və Avropadakı azərbaycanlı icmamızı layiqincə təmsil etmək üçün əzmlə hazırlaşıblar”.

“Qarabağ Tallinn” D qrupunda “ZEL Degson” (Slovakiya), “Karpatı” (Ukrayna) və “Raykommers” (Bolqarıstan) komandaları ilə qarşılaşacaq.

Klubun turnir üçün Bolqarıstana səfəri Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə gerçəkləşib.

Əlaqəli Xəbərlər