“Azərbaycan hələ Vətən müharibəsinə qədər “Böyük Qayıdış”la bağlı ciddi, strateji bir sənəd hazırlamışdı. Orada torpaqlarımız işğaldan azad olunduqdan sonra hansı işlərin görüləcəyi böyük bir perspektivlə işlənmişdi. 44 günlük müharibədən sonra Azərbaycanın bu hazırlığı öz nəticəsini verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu müddət ərzində Zəngilanın Ağalı kəndinə qayıdış başlandı, torpaqlar minalardan təmizləndi, kommunikasiya xətləri tamamilə yeniləndi, bir çox yerlərdə tunellər çəkildi, 3 ayrı hava limanı tikildi: “Bütün bunların hamısı həmin torpaqların yaşayış üçün yararlı hala gətirilməsinə səbəb oldu. Bilinirdi ki, Ermənistan ordusu işğal etdiyi əraziləri darmadağın etmiş, kommunikasiya infrastrukturunu söküb atmış, evləri dağıtmışdı. Hətta özlərinin yaşadığı yerlər belə, yaşayış üçün yararlı deyildi. Cənab Prezident də son çıxışlarından birində bildirdi ki, özünə hörmət edən insan belə bir yerdə yaşamazdı. Amma onlardan fərqli olaraq Azərbaycan xalqı qurucu, yaradıcı bir xalq olduğunu sübut etdi. Artıq ondan çox yaşayış məntəqəsində 20.000-dən çox keçmiş məcburi köçkün öz doğma yurduna qayıdıb. 50.000-dən çox insan həmin ərazilərdə yaşayır və işləyir. Gündən-günə bu say daha da artır.
“Böyük Qayıdış” ilk növbədə tarixi bir hadisədir. Azərbaycan öz müstəqilliyinə, öz suverenliyinə sahib çıxmağı nümayiş etdirdi və bunun nə üçün edilməli olduğunu bütün dünyaya göstərdi. İşğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq işləri aparılır. Yeni qəsəbələr, yeni şəhərlər ən müasir tələblərə uyğun şəkildə salınır. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Zaman keçdikcə bu ərazilərdə daha çox insan yaşayacaq, daha möhtəşəm layihələr gerçəkləşəcək və dünya Azərbaycanı yenidən tanıyacaq”.