Səkkiz ayda sosial sahə üzrə 16,7 milyon müraciət edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-avqust aylarında 16,7 milyon müraciət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 10,5 milyon dəfə istifadə olunub, 175,9 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60 proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 8 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 332 milyon olub.

Əlaqəli Xəbərlər