“Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur, onlar unikal xarakter daşıyır. Dünyada başqa iki ölkə arasında bu səviyyədə əlaqələr qurulmayıb. Əslində, Türkiyə-Azərbaycan münasibətləri nümunəvi bir modeldir. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, “Bir millət, iki dövlət” şüarı bu qardaşlığın əsasını təşkil edir və lazım gəldikdə bir dövlət kimi birləşməyə hazır olduğumuzu göstərir: “Məhz bu səbəbdən əlaqələr ən yüksək səviyyədədir və bütün sahələr üzrə inkişaf edir. 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi bu münasibətlərin yol xəritəsi sayılır. Artıq bu sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunaraq rəsmi saziş statusu alıb. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, turizm və digər sahələr üzrə əməkdaşlığı özündə ehtiva edir. Ən önəmli məqam hərbi əməkdaşlıqla bağlıdır. Türkiyəyə hücum olacağı təqdirdə Azərbaycan yardım göstərəcək. Eyni qaydada, Azərbaycana qarşı hər hansı müdaxilə və ya hücum olarsa, Türkiyə Azərbaycanın köməyinə çatacaq. Bu, strateji baxımdan son dərəcə mühüm məsələdir.
Əlaqələr xüsusilə enerji sahəsində genişlənir. Neft və təbii qaz sahəsində əməkdaşlıq gündən-günə güclənir. Türkiyənin enerji ehtiyacının əhəmiyyətli hissəsi Azərbaycanın təminatı ilə qarşılanır. Turizm sahəsində də əməkdaşlıq diqqət çəkir. Azərbaycan vətəndaşlarının çoxu istirahətini Türkiyədə keçirir. Son illərdə isə Türkiyədən də Azərbaycana gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Logistika və nəqliyyat istiqamətində də əməkdaşlıq uğurla davam edir. Bu, həm regional, həm də beynəlxalq miqyasda hər iki ölkənin mövqeyini gücləndirir. Türk Dövlətləri Təşkilatında Azərbaycan və Türkiyənin əməkdaşlığı xüsusi önəm daşıyır. Münasibətlər yalnız ikitərəfli formatla məhdudlaşmır, çoxtərəfli əməkdaşlıq müstəvisində də özünü göstərir.
Beynəlxalq arenada da hər iki ölkə daim bir-birini dəstəkləyir. Ermənistanla münasibətlər məsələsində Türkiyə həmişə Azərbaycanın yanında olur. Bu da Türkiyə-Azərbaycan qardaşlığının sadəcə şüarlarda deyil, həm də real həyatda əməldə təsdiqini tapdığını göstərir”.