“İyirmi yeddi sentyabr tariximizin ən parlaq səhifələrindən biridir. Bu gün Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı torpaqlarını işğalçı Ermənistandan azad etmək uğrunda Vətən müharibəsinə qalxdı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Deputat bildirib ki, vətən müharibəsi xarakterinə görə ədalətli azadlıq müharibəsi idi: “Müharibənin başlıca məqsədi işğala son qoymaq və torpaqları azad etmək idi. 44 günlük Vətən müharibəsində Azərbaycan bu məqsədinə nail oldu. Şəhidlərimizin müqqəd qanı hesabına qazanılmış bu qələbə böyük bir hadisədir. Qələbənin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli anti-terror tədbirləri ilə qondarma rejimin diz köçməsi, ağ bayraq qaldırması ilə ölkəmizin ərazisində separatçılığın kökü tamamilə kəsildi, dövlət suverenliyimiz tam bərqərar edildi, tariximizdə tamamilə yeni bir mərhələ başladı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı milli hədəfinə çatdı. Qazanılan qələbə təkcə hərbi deyil, siyasi-diplomatik, iqtisadi, mənəvi, psixoloji qələbədir. Bununla millətin üzərindəki ləkə silindi, qarşısında yeni üfüqlər açıldı”.