“27 Sentyabr – Anım Günü Azərbaycanın tarixində həm milli həmrəyliyin, həm də dövlətçilik dəyərlərinin möhkəmlənməsində mühüm rol oynayan bir gündür. Bu günün əhəmiyyəti təkcə keçmişdə baş vermiş hadisələrin xatirəsini yad etməklə məhdudlaşmır, eyni zamanda xalqımızın birliyinin, vətənpərvərlik ruhunun və dövlətə olan sadiqliyinin güclənməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Anım Günü Azərbaycan xalqını tarixi yaddaşı ilə birləşdirir. 27 Sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın xatirəsi ön plana çıxır və bu günün qeyd olunması vasitəsilə cəmiyyət onların fədakarlığını unutmur: “Bu isə gənc nəsillərdə vətəndaşlıq və vətənpərvərlik duyğularının formalaşmasına böyük təsir göstərir. Eyni zamanda, Anım Günü dövlətçilik prinsiplərinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Xalqın hərtərəfli həmrəyliyi və milli birliyi dövlətin daxili sabitliyini təmin edir, strateji qərarların icrasında dəstək rolunu oynayır. Azərbaycan xalqı öz lideri və dövlət qurumları ilə həmrəydir və bu həmrəylik ölkənin təhlükəsizlik siyasətini də gücləndirir.
Bununla yanaşı, Anım Günü beynəlxalq miqyasda da mesaj verir: Azərbaycan öz ərazi bütövlüyünü qorumaqda qətiyyətlidir, xalqı və dövlət idarəçiliyi güclü və birlik içindədir. Bu, həm diplomatik, həm də geosiyasi mövqelərin möhkəmlənməsinə müsbət təsir göstərir. 27 Sentyabr – Anım Günü yalnız keçmişdəki qəhrəmanlıqların xatirəsini yaşatmaqla kifayətlənmir. O, həm də Azərbaycan xalqının birliyini möhkəmləndirir, dövlətçilik dəyərlərini daha da gücləndirir və gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürülür”.