Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri tərəfindən “2025-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları təşkil olunub. Nazirliyin İctimaiyətlə əlaqə idarəsindən SİA-ya verilən məlumata görə, Sumqayıt Regional Mərkəzi “Sanitar manqa komandirləri”, Gəncə Regional Mərkəzi “Yanğınsöndürmə manqalarının komandirləri”, Aran Regional Mərkəzi “İctimai asayişin mühafizəsi manqa komandirləri”, Şimal Regional Mərkəzi “Bələdiyyə sədrləri” və “Yanğınsöndürmə manqa komandirləri”, Qarabağ Regional Mərkəzi “Bələdiyyə sədrləri”, Şimal-qərb Regional Mərkəzi isə “Qəza-bərpa manqa komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kurslarını keçirib.
Kursların təşkilində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Kursları uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim olunub.