“Təhlükəsizlik sahəsində əməkdaşlıq ön plana çıxıb”


“Ruanda Prezidenti Paul Kaqamenin Azərbaycana səfəri, sentyabrın 20-də başlayan bu səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşü, imzalanan sənədlər və aparılan danışıqlar göstərdi ki, son dövrlər Ruanada və ümumiyyətlə Afrika ölkələrində Azərbaycana maraq artmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Azərbaycanın da Afrika ölkələri ilə əlaqələrə xüsusi önəm verməsinin nəticəsidir və beynəlxalq münasibətlər sistemində əhəmiyyətli yer tutur: “Nəzərə almaq lazımdır ki, Ruanda 1994-cü ildə Fransanın dəstəyi ilə törədilmiş soyqırımdan sonra beynəlxalq arenada öz mövqeyini gücləndirmək və haqlı səsini çatdırmaq istiqamətində ciddi addımlar atır. Bu da təqdirəlayiq haldır. Azərbaycan isə bu məsələdə Ruandanın yanında olduğunu açıq şəkildə ifadə edir. Fransanın istər Afrikada, istərsə də dünyanın digər bölgələrində həyata keçirdiyi kolonial və repressiv siyasətə qarşı Azərbaycan dövlətinin sərgilədiyi mövqe, Afrikalı dövlətlərlə həmrəyliyini göstərir. Qərarlardan biri siyasi əməkdaşlığın dərinləşdirilməsi, digəri isə iqtisadi məsələlərin inkişaf etdirilməsinə yönəlib. Eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlıq da ön plana çıxıb. Bütün bu istiqamətlər Azərbaycan-Ruanda münasibətlərinə müsbət təsir göstərir. Təbii ki, Ruanda kimi Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişafı həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. İmzalanan sənədlər gələcək ikitərəfli əlaqələri gücləndirəcək. Xüsusilə investisiyalar mövzusunda aparılan müzakirələr, iqtisadi əməkdaşlıq sahəsində böyük potensialın formalaşmasına zəmin yaradır”.

Əlaqəli Xəbərlər