“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-a səfəri, Nyu-Yorkda bir sıra sazişlərin imzalanması, Amerikanın tanınmış şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər və bu çərçivədə aparılan müzakirələr, əldə olunan razılaşmalar Azərbaycanın iqtisadiyyatı, iqtisadi gələcəyi, idxal-ixrac əməliyyatları və qarşılıqlı sərmayələrin cəlb olunması baxımından mühüm addımlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bu səfər, eyni zamanda Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmi, beynəlxalq arenada nüfuzunun artdığını və ölkəmizə olan etimadın göstəricisini ortaya qoyur: “Aydın şəkildə görünür ki, ABŞ həm dövlət qurumları, həm də özəl şirkətlər səviyyəsində Azərbaycana maraq göstərir və əməkdaşlıq perspektivləri getdikcə genişlənir.
Prezident İlham Əliyevin görüşlərinin əsas mövzusu ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiya qoyması və əməkdaşlığın dərinləşdirilməsi olub. Donald Tramp administrasiyası dövründən başlayaraq ABŞ-Azərbaycan münasibətlərində ciddi irəliləyişlərin müşahidə olunması da təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin əməkdaşlığa verdiyi önəmin, eləcə də ABŞ tərəfinin Azərbaycana artan marağının göstəricisidir.
Bu gün siyasi və iqtisadi sahələrdə heç vaxt olmadığı qədər sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın müstəqilliyinin bərqərar olduğu dövrdən indiyədək belə yaxın münasibətlər müşahidə edilməmişdir. Bu reallıq Azərbaycanın son illərdə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, bölgədə yaratdığı yeni geosiyasi reallıqlar və lider mövqeyini qoruyub saxlaması ilə birbaşa bağlıdır.
Azərbaycan hazırda regionun lider dövləti, böyük qlobal layihələrin müəllifi və icraçısı kimi ön plana çıxır. Bu amil ABŞ-ın marağını artırır və ABŞ artıq Azərbaycana bir güc mərkəzi kimi yanaşaraq əməkdaşlığa xüsusi önəm verir. Beləliklə, bu səfərin nəticələri ABŞ-Azərbaycan münasibətlərini daha da möhkəmləndirəcək, əməkdaşlıq yeni mərhələyə keçəcək və gələcəkdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək”.