“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə rəsmi işgüzar səfəri gerçəkləşdiriblər. Bu səfər Azərbaycanın beynəlxalq arenada fəal mövqeyinin və diplomatik əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gəliblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, sentyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər:
“Bu sessiya beynəlxalq siyasətdə aktual məsələlərin müzakirəsi və dünya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMT-nin Baş katibi Antonio Guterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı mənzil-qərargahda rəsmi olaraq qarşılayıb və salamlayıb. Səfər çərçivəsində Prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb. Bu görüş Azərbaycanın iqtisadi sahədə beynəlxalq əməkdaşlığının genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Prezident İlham Əliyevin Nyu-York səfəri mühüm prioritetə malikdir. Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi sürətlə inkişaf edən iqtisadiyyata malikdir və prezidentin beynəlxalq görüşlərdə apardığı təbliğat ölkəmizin müsbət imicinin formalaşmasında böyük rol oynayır. Bu səfər Azərbaycan-BMT əlaqələrinin uzun tarixi zəmində baş verir. Prezident İlham Əliyev BMT Baş Qərargahını bir neçə dəfə ziyarət etmişdir. O, 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyasında, 2010-cu ilin sentyabrında 65-ci sessiyasında və 2017-ci ilin sentyabrında 72-ci sessiyasının açılışında iştirak edib. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olmuş və Azərbaycanın tarixində ilk dəfə olaraq BMT-nin yüksək tribunasından proqram xarakterli nitq söyləmişdir”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu səfər Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi, ölkəmizin qlobal proseslərə fəal qatılımının təmin edilməsi və digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: “BMT kimi beynəlxalq təşkilatların platformasından istifadə edərək Azərbaycan öz mövqeyini dünya ictimaiyyətinə çatdırma imkanı qazanır. Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayının 5000-dən çox olması ölkəmizin beynəlxalq əlaqələrinin genişliyini və dərinliyini göstərir. Bu cür səfərlər Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır”.