Bolqarıstan Avropa İttifaqının qərarını icra edərək 2026-cı ildən etibarən Rusiya təbii qazının istifadəsi və tranzitini dayandıracaq.
SİA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rosen Jelyazkov Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.
“Biz Avropa İttifaqının bir hissəsi olaraq qəbul edilmiş qərara qoşulacağıq və yaxın perspektivdə – 2026-cı ildə Rusiya təbii qazının istifadəsi və ya tranzitinə dair bütün müqavilələrə son verəcəyik”, – deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, hazırda Bolqarıstan qaz bazarında əsasən ixracyönümlü maye təbii qazdan istifadə edir və bu həcmlər ölkəyə xüsusi terminallar vasitəsilə daxil olur. Baş nazir əlavə edib ki, artıq ABŞ-dan oktyabr və noyabr ayları üçün qaz tədarükü məsələsi müzakirə edilib və bu, sərfəli şərtlərlə, rəqabətədavamlı qiymətlər əsasında həyata keçiriləcək.
Rosen Jelyazkov bildirib ki, Bolqarıstan enerji siyasətində Avropa İttifaqının strateji xəttinə sadiq qalaraq enerji təchizatının diversifikasiyası və təhlükəsizliyini prioritet hesab edir.