Vyanada “Cənubi Qafqazda sülh və sabitlik” mövzusunda dəyirmi masa təşkil olunub


Vyanada Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə “Ermənistan və Azərbaycanda arasında əldə edilmiş tarixi Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda sülh və sabitlik” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, 27 Sentyabr – Anım Günü ərəfəsində təşkil olunan və siyasi analitik Harvi Dzodinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, avstriyalı hüquqşünas Qabriel Lanski və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov spiker qismində çıxış ediblər.

Panel müzakirələrində Ermənistan – Azərbaycan münaqişəsinin tarixçəsi, normallaşma prosesi və 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş son razılaşmalar, münaqişənin həllindən sonra regionun iqtisadi-ticarət və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi üçün yaranmış yeni imkanlar, xüsusilə də Zəngəzur dəhlizinin işə salınması müzakirə olunub.

Tədbir zamanı iki ölkə arasında davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar barədə ətraflı məlumat verilib. Bu xüsusda, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmalı olduğu vurğulanıb. Eyni zamanda kommunikasiyaların açılmasının təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz bağlantısını yaratmaqla yanaşı, həmçinin Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin bundan sonrakı inkişafına töhfə verəcəyi qeyd edilib. Vurğulanıb ki, bu, regionda hamının mənfəət götürə biləcəyi bir sülh layihəsidir.

Bundan əlavə, keçmiş münaqişənin beynəlxalq hüquqi aspektləri, BMT və ATƏT kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar, o cümlədən azərbaycanlı məcburi köçkünlərin geri qayıdış hüququnun təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar və onların münaqişənin ədalətli həllinə töhfəsi müzakirə edilib.

Müzakirələr zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ölkənin region ölkələri ilə münasibətləri barədə danışılıb.

Əlaqəli Xəbərlər