“Bizim uşaqlarımızı artıq biz yox, cizgi filmləri tərbiyə edir”


“Biz övladımıza tərbiyə verərkən milli kökümüzlə bağlı əlaqəli olan tərbiyə metodlarından istifadə edirik”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, bizi formalaşdıran tərbiyə üsullarını biz də öz övladımızı formalaşdırmaqda tətbiq edirik: “Amma uşaqların texnoloji imkanları genişləndikcə, onlara əlçatanlıq rahatlaşdıqca, onlar baxdıqları videoların, cizgi filmlərinin, uşaq proqramlarının çəkildiyi video studiyaların və cizgi filmi şirkətlərinin tərbiyəsini almış olurlar. Bəs o tərbiyə nədir? Bizim millətimizə xas olmayan davranış formaları, bizim adət-ənənəmizə yad olan yanaşmalar. Beləliklə, biz uşağımıza verdiyimiz milli tərbiyə bir kənarda qalır, uşaqlar o izlədikləri videoların təsirinə düşürlər. Onların tərbiyəsi də məhz həmin mənbələrə əsaslanır.

Niyə indi daha çox ərköyün, ata-anası ilə hesablaşmayan, məsləhətdən qaçan, kaprizli bir nəsil formalaşır? Çünki onları tərbiyə edən artıq biz yox, o cizgi filmləri və onların arxasında dayanan böyük beynəlxalq şirkətlərin formalaşdırdığı tərbiyə üsullarıdır.Bu səbəbdən düşünürəm ki, uşaqların texnologiyaya olan marağı həm sağlamlıq, həm də tərbiyə baxımından mütləq şəkildə məhdudlaşdırılmalıdır. Valideynlər çox vaxt yalnız sağlamlıq baxımından (məsələn, göz zəifləyəcək, baş ağrısı olacaq) narahat olurlar. Bu, işin görünən tərəfidir. Amma bir də görünməyən – psixoloji və tərbiyəvi tərəfi var. Bu, dərhal üzə çıxmır, zamanla özünü göstərir. O zaman isə heç kim bu dəyişikliklərin səbəbini o cizgi filmlərində, o beynəlxalq tərbiyə modellərində axtarmır. Halbuki uşağın şüuraltına yeridilən yad davranış formaları bu problemlərin əsas səbəbidir. Göz zəifləyər, çarəsi tapılar. Amma psixoloji olaraq formalaşmış səhv tərbiyəni bərpa etmək çox çətin və bəzən mümkünsüz olur. Bu baxımdan məsələ olduqca təhlükəlidir”.

Əlaqəli Xəbərlər