“Azərbaycanın tranzit ölkə kimi rolunun güclənməsi ölkəmizin iqtisadi gələcəyi baxımından mühüm imkanlar açır. Coğrafi mövqeyimiz – Avropa ilə Asiya arasında strateji körpü olması artıq nəzəri üstünlükdən çıxaraq real iqtisadi dividentlərə çevrilməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın logistika və nəqliyyat mərkəzinə çevrilməsini sürətləndirir: “Bu, ilk növbədə tranzit daşımalarından əldə olunan gəlirlərin artması və dövlət büdcəsinin şaxələnməsinə xidmət edir. Bununla yanaşı, tranzit imkanlarının genişlənməsi qeyri-neft sektorunun inkişafına da güclü stimul verir. Xüsusilə xidmətlər sektoru, logistika, sığorta, gömrük və maliyyə xidmətlərinin həcmi böyüyür, yeni iş yerləri yaranır. Azərbaycanın beynəlxalq ticarət marşrutlarında etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi ölkəyə əlavə sərmayələrin cəlb olunmasına şərait yaradır. Bu proses təkcə iqtisadi mənfəət deyil, həm də siyasi-strateji üstünlüklər təmin edir, çünki tranzit mərkəzinə çevrilən ölkə beynəlxalq əməkdaşlıqda daha mühüm tərəfdaş statusu qazanır.
Azərbaycanın tranzit ölkə rolunun artması iqtisadiyyatın dayanıqlılığını gücləndirir, yeni diversifikasiya imkanları yaradır və regionda ölkəmizin mövqelərini möhkəmləndirir. Bu tendensiyanın davamlı olması, gələcəkdə Azərbaycanın iqtisadi modelində enerji resurslarından asılılığı əhəmiyyətli dərəcədə azaldacaq”.