“Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorka səfəri və orada keçirilən görüşlər ölkəmizin beynəlxalq müstəvidə rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. İlk növbədə qeyd etmək lazımdır ki, Nyu-York səfəri çərçivəsində BMT platformasında iştirak Azərbaycanın qlobal məsələlərdə söz sahibi olduğunu bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, burada aparılan ikitərəfli və çoxtərəfli görüşlər Azərbaycanın beynəlxalq gündəlikdə mövqelərini möhkəmləndirməklə yanaşı, həm də ölkənin regional və qlobal proseslərdə fəal oyunçuya çevrilməsini təsdiqləyir: “Səfər çərçivəsində Prezident Əliyevin müxtəlif dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri ilə görüşləri Azərbaycanın çoxşaxəli xarici siyasət kursunu əks etdirir. Bu görüşlərdə əsas diqqət iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyi məsələlərinə, nəqliyyat-logistika layihələrinə, habelə təhlükəsizlik çağırışlarına yönəlir. Bu isə göstərir ki, Azərbaycan təkcə regional aktor kimi deyil, həm də qlobal enerji və tranzit mərkəzi kimi qəbul olunur. Bundan başqa, Prezidentin Nyu-Yorkdakı çıxışları və görüşləri Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq, Qarabağ münaqişəsindən sonrakı reallıqları beynəlxalq ictimaiyyətə izah etmək baxımından mühüm platformadır. Belə səfərlər Azərbaycanın haqq səsinin qlobal gündəmdə qalmasına, müstəqil siyasətinin dəstəklənməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyevin Nyu-York səfəri həm Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, həm də ölkəmizin milli maraqlarının müdafiəsi istiqamətində strateji addım kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanın güclənən diplomatik mövqelərinin və dünyada artan nüfuzunun bariz göstəricisidir”.