“Qlobal investorların ölkəmizə cəlb edilməsi istiqamətində işlər görülür”


“Ümumiyyətlə, Azərbaycanda investisiya mühitinin sağlamlaşdırılması, həmçinin qlobal investorların ölkəmizə cəlb edilməsi istiqamətində sistemli işlər bir neçə ildir ki, davam edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, sözügedən görüş və əməkdaşlıq formatı, imzalanan sənəd də məhz bu məqsədə xidmət edir: “Bu isə, təbii olaraq, Bakı şəhərində xidmət infrastrukturunun inkişaf etdirilməsi üçün böyük önəm daşıyır.

Düşünürəm ki, qlobal investorların Bakı şəhərinə olan marağı regionlara da yayılsa, bu, ölkə iqtisadiyyatı üçün daha da əhəmiyyətli olar. Belə olan halda, investisiyaların yalnız paytaxtda deyil, həm də bölgələrdə iqtisadi canlanmaya səbəb olacağı şübhəsizdir. Eyni zamanda, bu tip müqavilələrin birbaşa regionlarda istehsal və emal sektoruna yönəlməsi, yerli xammal bazasına əsaslanan istehsal müəssisələrinin qurulması ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, həm idxaldan asılılığı azaldar, həm də yeni iş yerlərinin açılmasına şərait yaradar.

Ümid edirəm ki, bu gün Bakı şəhərinə maraq göstərən, paytaxt və onun ətrafına daha çox investisiya yatırmağa hazır olan qlobal investorlar, qeyd etdiyim kimi, həm özləri bu sahədə aktiv fəaliyyət göstərəcək, həm də bu təcrübəni bir ənənəyə çevirərək digər qlobal investorların da ölkəmizin bütün regionlarına maraq göstərməsinə səbəb olacaqlar”.

Əlaqəli Xəbərlər