“Prezidentin qətiyyəti öz sözünü dedi”


“Azərbaycan tarixinin elə şanlı günləri var ki, əsrlər boyu xatırlanmağa layiqdir. Hansı ki, həmin tarixlər ölkənin müstəqilliyi, suverenliyi və vətəndaşların xoşbəxtliyinə yol açıb. 27 sentyabr da belə günlərdəndir və qələbəmizə gedən yolun başlanğıcıdır. Bu gün əsrlər keçsə də xatırlanacaq və yad ediləcək. Çünki otuz ildən çox torpaqları işğal altında qalan Azərbaycanın qələbə zəfəri bu gündən başladı. 44 günlük müharibənin, 23 saatlıq anti-terror tədbirlərinin uğuru bu günün adı ilə bağlıdır. Həmin gün erməni faşistləri ağır zərbə aldılar, məğlubedilməz erməni ordusu mifi dağıdıldı. Qələbəyə gedən yolun başlanğıcı uğurlu olduğu üçün sonrakı günlərdə qəhrəman əsgər və zabitlərimiz sinələrini alınmaz qalaya çevirdilər, torpaqlarımızın hər qarışı uğrunda mübarizə apararaq əsl qəhrəmanlıq göstərdilər. Əslində Azərbaycan müharibə istəmirdi. Cənab Prezident dəfələrlə ən mötəbər tribunalarda bəyan etmişdir ki, bu münaqişəyə sülh yolu ilə son qoymaq olar. Ancaq çox təəssüflər olsun ki, erməni rəhbərliyi bu çağırışlara lazımi cavab vermədilər, etinasız yanaşdılar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, sülhə gedən yoldan çəkilən erməni faşistləri heç bir təşkilatın qərarlarına da məhəl qoymadılar: “BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi kağız üzərində qaldı. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar vaxtında lazımi tədbirlər görmədilər, əksinə bir çox hallarda erməni faşistlərinə dəstək verdilər. Buna görə də Azərbaycan Prezidenti son olaraq hərb yolunu seçdi və xalqı, ordunu öz ətrafında səfərbər etdi. Bu ağır mübarizədə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların iradəsi, mətanəti ölçüyəgəlməzdir və onlar daim bizim qəlbimizdə yaşayacaqlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qəhrəmanlığa çox böyük əhəmiyyət verir.

44 günlük müharibə və 23 saatlıq anti-terror tədbirləri dünyaya bir daha qəhrəman oğul və qızlarımızın mətanətini, əyilməzliyini, ilk növbədə isə Azərbaycan Prezidentinin düşünülmüş uzaqgörən siyasətini göstərdi, sübut etdi. Bütün bunların fonunda qələbəyə zəmin yaradan amillər var. Bu amillər ölkə başçısının çoxgedişli planları əsasında beynəlxalq aləmdə qazanılan nüfuz, dost dövlətlərin Azərbaycana mənəvi dəstəyi idi. Eyni zamanda ordu ilə xalqın birliyi, Prezidetin qətiyyəti öz sözünü dedi. Azərbaycan Prezidenti söylədiyi sözün, verdiyi vədin sahibidir. Azərbaycan ordusu öz gücünü bir neçə gün ərzində göstərdi və biz qısa zaman ərzində qələbəyə nail olduq”.

Əlaqəli Xəbərlər