Bişkekdə Türk Akademiyasının qırğız dilində yeni nəşrlərinin təqdimatı keçirilib


Sentyabrın 25-də Bişkekdə Qırğız Respublikasının Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi çərçivəsində Türk Akademiyasının yeni nəşrlərinin təqdimatı keçirilib. SİA Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə son iki ildə qırğız dilinə tərcümə edilmiş elmi əsərlər, eləcə də Akademiyanın həyata keçirdiyi layihələr nəticəsində hazırlanmış kitablar və tədqiqatlar təqdim olunub.

Təqdim edilmiş nəşrlər arasında unikal türk düşüncəsi əsərləri yer alıb. Akademik V. Bartoldun “Uluqbəy və onun dövrü” əsəri dünya elminə və mədəniyyətinə böyük töhfələr vermiş dahi hökmdar və alimdən bəhs edir. Azərbaycanın tanınmış dövlət xadimi Məmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabı Türk dünyası tarixində ilk cümhuriyyətin – Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) yaranma tarixçəsini açıqlayır. Müasir özbək ədəbiyyatının banilərindən Əbdürrauf Fitrətin “Hindli səyyahın xatirələri (Buxara şəhərinin əsl siması)” əsərində Buxaranın o dövrdəki real həyatı parlaq şəkildə təsvir edilir. “Türk xalqlarının fəlsəfi və siyasi fikir tarixi” antologiyasının birinci cildinə Türk dünyasının tanınmış ideoloqlarının, maarifçilərinin, ictimai xadimlərinin əsərləri daxil edilib.

Kitabların təqdimat mərasimində Qırğızıstanın geniş oxucu kütləsinə ilk dəfə olaraq Türk Akademiyasının nadir əsəri – “Qırğızıstanın Batken vilayətindəki Egiz-Qara və Ağ-Taş petroqlifləri” elmi albom-monoqrafiyası təqdim olunub. Bu nəşrdə ilk dəfə olaraq elmi təsvirlər və yüksək keyfiyyətli illüstrasiyalarla vilayətin petroqlifləri sistemli şəkildə yığılıb. Kitab Batken vilayətində yaşamış qırğızların zəngin tarixinı açıqlayır.

Bununla yanaşı, Türk Akademiyasının hazırladığı və nəşr etdiyi terminoloji lüğətlər təqdim edilib.

Tədbirdə Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qırğız Respublikası Milli Elmlər Akademiyasının prezidenti Kanat Abdrahmatov, Qırğız Respublikası Prezidentinin müşaviri və Tarix Elminin İnkişafı Komissiyasının sədri A. Koyçiyev, Qırğız Respublikası Milli Elmlər Akademiyasının B.Yunusəliyev adına Dilçilik İnstitutunun direktoru Sırtbay Musayev, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin professoru Kubatbəy Tabaldıyev, eləcə də akademik və mədəni ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev təşkilatın türk dövlətləri və xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mühüm elmi və mədəni layihələri həyata keçirdiyini qeyd edib.

“Bu əsərlər həm elmi qarşılıqlı fəaliyyət üfüqləri genişləndirir, həm də türk eyniliyin möhkəmləndirilməsinə və ortaq mədəni irsin qorunub saxlanmasına öz töhfəsini verir. Təqdim olunan bütün təşəbbüslər Qırğızıstanda türkşünaslığın inkişafına və xalqlarımız arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir”, – deyə Ş.Mustafayev vurğulayıb.

Əlaqəli Xəbərlər